Rusiyanın taxıl təhdidi Ukraynaya nə vəd edir? – FOTO

Dünya


Rusiyanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb. Nəzərə alaq ki, ötən il ərzində Ukrayna həmin koridor vasitəsilə daşınan məhsulun satışından 10 milyard dollara qədər gəlir əldə edib. Bu, “Taxıl sazişi”nin Kiyev üçün əhəmiyyətini əyani formada göstərir.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Mikita Petruev “Report”un Şərqi Avropa bürosuna bildirib ki, bu, Kiyev üçün elə də ciddi fəlakət vəd etmir:

“Ümumiyyətlə “Taxıl sazişi”nin dayandırılması Ukrayna üçün fəlakətli vəziyyət yaratmayıb. Şübhəsiz ki, bu, çətin vəziyyətin yaranmasına səbəb olub. Belə ki, Ukrayna məhsullarının ixracı daha çətin olacaq. Əlbəttə ki, bu vəziyyət Ukrayna məhsullarının alıcıları olan ölkələrə daha çox ziyan vuracaq. Lakin bizim ölkənin iqtisadiyyatı, kənd təsərrüfatı sahəsi bu durumdan fəlakətli səviyyədə zərər görməyəcək”.

Onun sözlərinə görə, Ukrayna məhsullarının ixracı üçün başqa yollar tapılacaq və böyük hissəsi beynəlxalq bazara çıxarılacaq: “Əlbəttə ki, indiki vəziyyətdə Ukrayna bəzi gəlirlərdən məhrum ola bilər. Amma bu, uğurla aparılan müharibə üçün böyük problem yaratmayacaq, çünki Ukraynaya NATO ölkələrinin və digər müttəfiqlərin arsenalında olan silahlar tədarük olunur. Bundan başqa, hazırda Ukrayna büdcəsi Avropa İttifaqının (Aİ), NATO ölkələrinin və sairin makromaliyyə yardımları sayəsində dolur. Moskva “Taxıl sazişi”nin pozulmasının Kiyevə ciddi zərbə vuracağını düşünürsə, o zaman yanılır”.

Mikita Petruev

M.Petruev təəssüflə qeyd edib ki, bir çox Qərb, NATO ölkələri hələ də baş verənlərə adekvat qiymət vermir:

“Məsələn, Rusiyanın Ukraynaya qarşı müharibəsini çox vaxt “münaqişə”, “böhran” adlandırırlar. Lakin bunun genişmiqyaslı müharibə olduğu açıq və aydındır. Rusiya bununla Ukrayna dövlətini, xalqını məhv etmək istəyir. Hazırda Rusiya Qara dəniz hövzəsində piratlıqla məşğuldur. Beynəlxalq hüquqi aktlar bunu təsdiqləyir. Belə ki, əgər bir dövlət digərinə müharibə elan etmədən ona qarşı dənizdə hərbi əməliyyatlar aparırsa, bu, piratlıqdan başqa bir şey deyil. Bir sözlə, Rusiya Ukraynaya qarşı həm quruda, həm dənizdə müharibə aparır”.

M.Petruev vurğulayıb ki, Türkiyənin, bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi NATO-ya daxil olan digər ölkələrin mövqeyindən fərqlənir:

“Hesab edirəm ki, Ərdoğan addımları ilə göstərib ki, Qara dəniz hövzəsində Rusiyanın piratlıq fəaliyyətinə dözməyəcək. Fikrimcə, o, bu mənada Moskvaya aydın siqnallar göndərir. Türkiyə Qara dənizdə sərbəst gəmiçilik fəaliyyəti ilə bağlı beynəlxalq normaların həyata keçirilməsinə sadiqdir. Odur ki, düşünürəm ki, ilk növbədə Qara dənizə çıxışı olan NATO ölkələri, o cümlədən hərbi blokun digər üzvləri şübhəsiz ki, bu prosesdə vacib rol oynayacaq Türkiyə ilə birlikdə Rusiyadan çəkinməməli, Qara dənizdə piratlığın qarşısının alınması məqsədilə qəti və sərt addımlar atmalıdır”.

Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev isə “Report”a bildirib ki, Rusiyanın əməlləri onun terrorçu dövlət olduğunu göstərir.

O hesab edir ki, bu gün Moskvanın Ukraynanın infrastruktur obyektlərinə, dəniz limanlarına və başqa strateji nöqtələrə zərbələr endirməsi “Taxıl sazişi”nin dayandırılmasından sonra ərzaq böhranının yaranması ilə bağlı təhdid yaradır.

Rövşən Tağıyev

R.Tağıyevin sözlərinə görə, bu böhran Afrika, Asiya, Latın Amerikası ölkələri və digər regionlarda yaşayan on milyonlarla insana mənfi təsir göstərəcək:

“Ukrayna isə bəyan edib ki, bununla bağlı cavab tədbirləri həyata keçirmək hüququna malikdir. Məsələn, Rusiyaya məxsus gəmilərə qarşı. Bu məsələdə diplomatiya yüksək səviyyədə həyata keçirilməlidir. Qərb artıq qəbul etməlidir ki, Rusiya ilə razılaşmaların əldə olunması mümkün deyil. Odur ki, Ukraynadakı limanların təhlükəsizliyinin təmin edilməsi üçün hərbi yardıma ciddi yanaşılmalıdır. Məsələn, hazırda bütün dünyanın ehtiyac duyduğu ərzaq məhsullarının Ukraynadan tədarükü məqsədilə Kiyevə hərbi aviasiya verilə bilər. Bu mənada amerikalı, avropalı siyasətçilərin bəyanatlarını eşidirik. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın bununla bağlı təklifi çox vacibdir. Bu gün Afrika ölkələri anlamalıdır ki, Rusiya ilə, Vladimir Putin ilə razılaşmaların əldə olunmasına ümid etmək olmaz. Bu ölkələr qiymətlərin artmasından, ərzaq məhsullarının çatışmazlığından əziyyət çəkə bilər. Bu isə müxtəlif ölkələrdə sabitliyin pozulmasına, Avropa İttifaqına üzv olan ölkələrə və digərlərinə milyonlarla qaçqının gəlməsinə səbəb ola bilər. Beləliklə, Rusiyanın təcavüzünə qarşı hərbi məsələ mühüm əhəmiyyət kəsb edir”.

Ukrayna Millətlər Assambleyasının prezidenti vurğulayıb ki, Kreml başqa dil anlamır: “Ümid edirik ki, bundan sonra digər ölkələr Rusiyaya daha çox təzyiq göstərəcək. Rusiya “Taxıl sazişi”nin bərpa olunması üçün sanksiyaların aradan qaldırılması ilə bağlı şərt irəli sürür. Amma onun bu şərtlərini yerinə yetirmək olmaz. Əslində, bu sanksiyalar Rusiyanı danışıqlar masasına oturmağa vadar edir. Lakin Moskva hələ ki bunu istəmir. Yalnız hərbi məsələ və güclü beynəlxalq təzyiqlər Rusiyanı hüquq yoluna qayıtmağa vadar edə bilər”.

Onun fikrincə, bu mənada Türkiyənin rolu çox vacibdir: “Ankaranın güclü donanması var. Üstəlik, Türkiyə Bosfor boğazı ilə bağlı güclü mövqeyə malikdir. Ümid edirik ki, hazırda Ukraynanın təcavüzkar Rusiya ilə daha sərt şəkildə mübarizə aparması üçün kifayət qədər yardım etməyən böyük aktorlar bu vəziyyətdən düzgün nəticələr çıxaracaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir