Yaponiyanın Okinava şəhərindəki beynəlxalq yarışda uğurlu çıxış etmiş Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının yığma komandası Vətənə dönüb.
Oxu.Az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, iyulun 22-23-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması kata və kumitedə, eyni zamanda, veteranlar arasında yarışda iştirak edib. Katada 18-19 yaş kateqoriyasında qızlar arasında ikinci dan qara kəmər sahibi Sevinc Mövsümzadə (50 kq), +40 yaş kateqoriyasında veteranlar arasında altıncı dan qara kəmər sahibi, millinin baş məşqçisi Nazim Mövsümzadə qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq) gümüş medal qazanıblar. Onlar şəxsi kumitedə də birinci yeri tutublar. Ümumilikdə, Azərbaycan yığması turniri beş qızıl və bir gümüş medalla tamamlayıb.
İdmançılarımız turnir ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisatakanın beynəlxalq seminarında da iştirak ediblər və müvafiq ustalıq dərəcələrinə layiq görülüblər. Onlar sertifikatlarla təltif olunublar.
Faiq Tahirov
www.102info.az