Paşinyan keçmiş müdafiə nazirini “sındırdı”: Tonoyanın mədhiyyələri işə yarayacaq? – “Kaspi”nin TƏHLİLİ + FOTO

Dünya


Ermənistan parlamentinin 44 günlük müharibədəki acı məğlubiyyətin “günahkarlarını ifşa edən komediya”sı davam edir. Bu dəfə hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan sorğu-sual edilib.

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyanla baş nazir Nikol Paşinyan arasında qarşıdurma yeni fazaya qədəm qoyub. 44 günlük müharibənin gedişini araşdıran komissiya qarşısında çıxış edən Tonoyan gözlənilənin əksinə açıqlamalar verərək müxalif düşərgəni məyus edib. Azərbaycanın əzmkar qələbəsi ilə başa çatan 44 günlük müharibə Ermənistanın hərbi-siyasi mühitində zəlzələ effekti vermişdi. Ermənistanın o dövrdə müdafiə naziri olan D.Tonoyan 2020-ci ilin 20 noyabr tarixində tutduğu postdan istefa vermək məcburiyyətində qalmışdı.

Kaspi.az qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Baş nazirin kölgədə qalmasına səbəb olan qəzəb oxu

Tonoyan 2018-ci ildə Ermənistan prezidenti tərəfindən müdafiə naziri postuna təyin edilib. 2010-2017-ci illər arasında Ermənistanın müdafiə nazirinin müavini postunu tutan Tonoyan Serj Sarqsyana yaxınlığı və sadiqliyi ilə seçilir. Elə bu səbəbdən də özünü heç vaxt Nikol Paşinyanın komandasından saymayıb. Davidin ölkədaxili ciddi nüfuzu və Serj Sarqsyan vasitəsilə ölkə sərhədlərindən kənarda da kifayət qədər güclü dayaqları olub. Onun nüfuzu və özündən razılığı Paşinyanın diqqətindən kənarda qala bilməzdi. 2020-ci ildə baş tutan dövlət tədbirlərinin birində baş nazirin kölgədə qalmasına səbəb olan, insanlara özünü lider kimi təqdim edən Tonoyan hakimiyyətin qəzəb oxuna tuş gəldi. Artıq tərəflər arasında münasibətlərin getdikcə kəskinləşdiyi özünü daha çox büruzə verməyə başlamışdı. Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədən sonra Tonoyanın tutduğu postdan istefa verməsi XİN başçısı Zöhrab Mnatsakanyanın istefası ilə eyni vaxta təsadüf etməsi də diqqətdən yayınmamışdı. Bu, eyni zəncirin halqası idi. Ehtimal edilir ki, N.Paşinyan hakimiyyət eşalonunda funksiyalarını yerinə yetirə bilməyənləri dəyişmək üçün start düyməsinə basıb. Tonoyan isə müharibə nəticələrinə görə istefa verdiyini, məsuliyyətini dərk etdiyini açıqlamışdı.

Tonoyanın Paşinyanı tənqidləri həbslə nəticələndi

Tonoyan tutduğu postdan istefa verdikdən sonra Paşinyanla daha kəskin müstəvidə mübarizə aparmağa başlamışdı. Eks-nazir açıqlamalar verir, müharibədəki məğlubiyyətə görə Paşinyanı günahlandırırdı. Onun fikrinə əsasən, ordudakı problemlərin əsas səbəbi Paşinyan idi. Tonoyan bununla da siyasi “xaç atası” Serjə tuşlanan oxları dəf etməyə, “günah keçisi” olmaqdan qurtulmağa, həbsə düşməməyə çalışırdı. Bununla yanaşı, Tonoyan müxalifətə liderlik etmək həvəsində olduğunu da gizlətmir, yavaş-yavaş siyasi arenaya xırda addımlar atmağa başlayırdı. Ölkədə müharibədən sonrakı dövrdə başlayan xaos və etirazlar fonunda Sarqsyan komandasından olan, ondan dəstək alan yeni siyasi rəqibin yetişməsini həzm edə bilməyən Paşinyan Tonoyanın həbsi üçün düyməyə basdı. 2021-ci ildə Tonoyana qarşı bir neçə maddə ilə cinayət işi açıldı. Eks-nazir vəzifə səlahiyyətlərindən sui-istifadə və silah-sursat alışında 4.6 milyon dollar mənimsəməkdə ittiham edilərək həbsə atıldı. Davidlə bərabər Silahlı Qüvvələrin baş qərargah rəisi Artak Davtyan, onun müavini Stepan Qalstyan, Müdafiə Nazirliyinin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya idarəsinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da həbs edildi. Paşinyan bununla da Tonoyanı və ətrafını neytrallaşdıraraq ondan qurtuldu. Dəfələrlə məhkəməyə müraciət edilsə də, Tonoyan barədə çıxarılan həbs qərarı dəyişmədi.

Tonoyan açıqlamaları ilə “sındığını” sübut etdi

Ermənistan parlamentinin müharibə ilə bağlı istintaq komissiyası əslində Paşinyanın əlində siyasi alətə çevrilib. Paşinyan bu komissiyanı qurmaqla yeni “günah keçi”ləri axtarır, xoşuna gəlməyən hərbçiləri, xüsusən də general və polkovnikləri komissiya qarşısına çıxarır və müharibədəki məğlubiyyətdə hər kəsin payı olduğu fikrini aşılamağa çalışır. İki ilə yaxındır həbsdə olan Tonoyan da komissiya qarşısında çıxış etməyə məcbur edilib. Paşiyanın komissiya qarşısında çıxışından əvvəl Tonoyan iştirak üçün şərt qoymuşdu və iclasda baş nazirin iştirakını, sessiyanın açıq olmasını tələb etmişdi. Amma sonradan fikrini dəyişərək qapalı iclasa razılıq verdiyini bildirdi. Bununla da, Tonoyan hakimiyyətin ona qarşı münasibətini yumşaltmağa və Paşinyanla üz-üzə gəlməməyə çalışdı. Çünki, o da bilir ki, komissiyanın fəaliyyətinin bir məqsədi var: həm Paşinyanın, həm də onun rəhbərlik etdiyi hökumətin müharibə və rüsvayçılığa, gətirdikləri faciə və fəlakətə görə günahını ört-basdır etmək.

İndi top Paşinyandadır

Komissiyanın sədri Andranik Köçəryan iclasdan bir gün əvvəl açıqlama verərək sessiyanın həm açıq, həm də qapalı olacağını bildirdi. Eyni zamanda, Paşinyana yaxın deputatlara Tonoyana sərt suallar vermək tapşırıldığı faktı da üzə çıxdı. Bununla da, Paşinyan Tonoyana “Dediklərinə diqqət et, ömrünün sonuna qədər həbsdə qala bilərsən” mesajını ötürdü. Tonoyan iclasda müxalifətin iştirakını tələb etsə də, müxalif düşərgədən sessiyada iştirak edən olmadı. Çünki müxalifətin Davidə etimadı qalmayıb və onu lider kimi görmür. Tonoyan komissiya qarşısında çıxışı zamanı Paşinyana ali baş komandan səlahiyyətinin verilməsi, baş nazirlə bağlı fikir bildirməyə səlahiyyətinin çatmaması, həbsinin sırf müharibə məğlubiyyətinə görə olması barədə açıqlamalar verdi. Bununla da, qarşı tərəfi yumşaltmağa, həbs müddətini azaltmağa, tezliklə azadlığa çıxmağa hesablanmış addımlar atdı. İndi top Paşinyandadır. Görək, baş nazir Tonoyanın bu mədhiyyələrindən sonra fikrini dəyişəcəkmi?

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir