ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yüksəldib.
APA-nın EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,8 milyon barel səviyyəsində olacaq (proqnoz dəyişməyib). Beləliklə, 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1,61 mln. barel təşkil edə bilər.
Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101,19 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,3 mln. barel çoxdur. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,76 mln. barel təşkil edəcək.
Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,43 mln. barel olub, bu da illik müqayisədə 1,87 mln. barel çoxdur.
Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.
Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronavirus pandemiyasından əvvəlki səviyyəni bu il yox, gələn il ötəcək.
www.102info.az