Bakıda şahmat üzrə Dünya Kuboku keçirilir. Turnir avqustun 24-dək davam edəcək. Bu yarışda əslən İrandan olan, İspaniya vətəndaşı Hademalşaryex Sarasadat da iştirak edir. Onun Bakıya səfəri istər-istəməz ötənilki hadisəni yada saldı.
Sarasadatın turnirdə İspaniya bayrağı altında çıxış etməsinin əsas səbəbi Tehran rejiminin ölkə vətəndaşları üçün yaratdığı ictimai-siyasi, mədəni şəraitin dözülməzliyidir.
Hademalşaryex Sarasadat 2022-ci il dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında Tehran rejiminin tətbiq etdiyi hicabı geyinməkdən imtina edib. Bununla da Hademalşaryex Sarasadat İranda keçirilən “Qadın, Azadlıq, Ədalət!” şüarı ilə etiraz aksiyası keçirənləri dəstəkləyib. Yarış başa çatandan sonra o, ailəsi ilə birlikdə İspaniyaya gedib.
Yeri gəlmişkən, xanım Sarasadat hazırda Bakıda davam edən Dünya Kubokunda mübarizəni ikinci mərhələdə dayandırıb.
Tehran bələdiyyəsinin “İran” adlı qəzetinin idman yarışlarını işıqlandırmaq üçün Avstraliyaya ezam olunan reportyoru Səid Zahidian və fotoqraf Nəim Əhmədi bir müddət əvvəl İrana qayıtmaqdan imtina ediblər. Onlar ezam olunduqları ölkədən sığınacaq istəyiblər.
Onlar bu addımı Tehran rejiminin etiraz aksiyalarını işıqlandıran KİV nümayəndələrinə təzyiq və təqibinə qarşı atdıqlarını bildiriblər. 2022-ci il sentyabrın 17-dən İranda başlayan etiraz aksiyaları və hadisələri işıqlandıran jurnalistlərin həbs olunması halları artıb. Bu isə KİV nümayəndələrinin ölkədən qaçmasına səbəb olub. İnsan hüquq müdafiəçilərinin məlumatına görə, son 10 ayda İran hakimiyyəti 100-ə qədər jurnalisti həbs edib.
Tehran rejimi media sahəsində çalışanlara təzyiq etməklə ölkə Konstitusiyasının söz və mətbuat azadlığı ilə bağlı müddəalarını da pozur.
İran rejiminin antiinsani addımlarından biri də İsraillə bağlıdır. Bu ölkənin idmançısı yəhudi dövlətindən olan həmkarı ilə qarşılaşmaqdan imtina etməlidir. Bu, elan olunmayan bir qaydadır. Əks halda onu rejim çox ciddi şəkildə cəzalandırır. İran rejiminin anti-İsrail siyasətinin qurbanı olan idmançılardan biri də Səid Mollayidir.
2019-cu ildə cüdo üzrə Tokioda keçirilən yarışda İran hakimiyyəti ona tapşırıb ki, israilli idmançı ilə qarşılaşmamaq üçün yarımfinalda belçikalı rəqibinə uduzmalıdır. Bu yarışdan sonra Mollayi İran bayrağı altında çıxış etməkdən imtina edərək Almaniyadan sığınacaq alıb.
2022-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən dağadırmanma üzrə yarışda İran idmançısı Elnaz Rəqabi hicabsız çıxış edib. İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb. O bu addımı İranın paytaxtı Tehranda keçirilən Körfəz Kubokunun mükafatlandırma mərasimində atıb. Konkisürən Niloufar Mərdani isə Türkiyənin İstanbul şəhərindəki yarışın mükafatlandırma mərasimində eyni şəkildə davranıb.
Elnaz Rəqabiyə təzyiqlər artdığı üçün addımından peşman olduğunu etiraf edib. İranın Seuldakı səfirliyi isə belə hadisənin baş vermədiyini bildirərək, onu dezinformasiya adlandırmışdı.
Məşhur futbolçular Əli Daei və Əli Kərimi İrandakı etiraz aksiyalarını dəstəklədikləri üçün təzyiq, təqib və hədələrə məruz qalıblar. Hazırda onların ölkədə olmadıqları bildirilir.
İranda xüsusən qadınların kişilərin yarışlarını, o cümlədən futbolu stadiondan izləməsi qadağandır. Bu yaxınlarda İran – Mərakeş qarşılaşması keçirilib. Bu oyunu izləmək üçün qadınların da Tehranın “Azadi” stadionuna buraxılacağı barədə razılıq verilmişdi. Ancaq son anda bu icazə ləğv edilib.
Ancaq Rusiyanın Sankt-Peterburq şəhərində İran yığmasının oyununu iranlı qadınlar hicabsız izləyiblər.
İran vətəndaşları, o cümlədən qadınlar ictimai həyatın bir sıra sahələrində azadlıq tələb edirlər. Rejim isə onları təqib etməklə yanaşı, təzyiq və işgəncəyə məruz qoyur. İşgəncələr, təzyiqlər və təqiblərdən cana doyanlar ilk fürsətdə ölkədən getməyə, başqa dövlətə sığınmağa üstünlük verirlər.
İranda qadınlar arasında qol güləşi yarışının keçirilməsi qadağan edilib. Ona görə qadınlar bu idman növü ilə gizli şəkildə məşğul olurlar. Röya Mahbudi Asiyanın qadın qol güləşçiləri arasında ən güclülərdən sayılır.
İran idmançılarının və vətəndaşlarının vəziyyəti keçmiş sovet adamlarını yada salır. Onlardan məşhur şahmatçı Viktor Korçnoyu xatırlamaq istərdik. On dəfə dünya çempionatının finalında oynamış bu idmançıya SSRİ-də yaşamaq çətin oldu. O, İsveçrəyə sığınaraq həyatını orada başa vurdu.
Tehran rejimi İranı qadağalar ölkəsinə çevirib. Orada yaşamaqdan heç kim zövq almır. İdmançılar, adətən, seçilməyə daha çox can atan insanlardır. Onlar öz ölkələrində istəklərini həyata keçirə bilmirlər. Yaşamaq, yarışmaq üçün başqa dövləti seçirlər.
“Report” İnformasiya Agentliyi
www.102info.az