Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” Televiziya Mükafatları Hollivudda aktyor və ssenaristlərin tətili səbəbindən 15 yanvar 2024-cü il tarixinə təxirə salınıb.
Məlumata görə, tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram kimi qeyd edilən Martin Lüter Kinq Gününə təsadüf edir.
11 sentyabr hücumları və oktyabrın 7-də ABŞ-nin Əfqanıstanda hərbi əməliyyata başlaması səbəbindən tədbirin təxirə salındığı 2001-ci ildən bəri Emmi mərasiminin vaxtı ilk dəfədir ki, dəyişdirilib.
Xatırladaq ki, təxminən 160 min aktyorun maraqlarını təmsil edən Amerika Televiziya və Kino Aktyorları Federasiyasının tətili iyulun 14-də başlayıb və faktiki olaraq ABŞ kino sənayesində bütün istehsalı dayandırıb. Aktyorlar daha yüksək maaşlar və iş vaxtından artıq əmək üçün təzminat istəyir, həmçinin film istehsalında süni intellektdən istifadənin məhdudlaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, qanadlı qadının heykəlciyi Emmi pik saatında ən baxımlı proqramlara verilir. Mərasim ilk dəfə 1949-cu ildə Hollivudda keçirilib. Builki namizədlərin siyahısı iyulun 12-də açıqlanıb. “Varislər” serialı ikinci dəfə nominasiyaların sayına görə (27) lider olub.
Mənbə: TASS
www.102info.az