Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər.
Bu barədə Türkiyənin “A Haber” telekanalı Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı müxbirinə istinadən məlumat verib.
Onun sözlərinə görə, Türkiyə lideri hələ də Rusiya prezidentinin Türkiyəyə gəlişini gözləyir. Lakin Putin Türkiyəyə gəlməsə, Ərdoğanın səfəri də istisna edilmir.
Telekanal prezidentlərin görüşünün dəqiq tarixini açıqlamayıb, lakin bu görüşün Ankarada avqustun sonu – sentyabrın əvvəlində gözlənildiyini bildirib.
Danışıqların əsas mövzusunun isə “Taxıl sazişi”nin bərpası perspektivi ilə bağlı olacağı qeyd edilir.
Xatırladaq ki, avqustun 2-də Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub və onlar mümkün görüşün hazırlanması barədə razılığa gəliblər. Avqustun 4-də Ərdoğan jurnalistlərə Putinin Türkiyəyə səfərinin mümkünlüyü barədə məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
www.102info.az