Polşa və Baltikyanı ölkələrdən Belarusa ultimatum: “Vaqner” ölkədən çıxarılsın”

Dünya


Polşa, Litva, Latviya və Estoniya Daxili İşlər nazirliklərinin rəhbərləri Belarusa ultimatum veriblər.

Onlar Minskdən “Vaqner” qrupunun dərhal Belarus ərazisini tərk etməsini, həmçinin Belarus hakimiyyətindən miqrantları sərhəd zonasından uzaqlaşdırmasını tələb edirlər.

Bu barədə Polşa daxili işlər və administrasiya naziri Mariuş Kaminski Litva, Latviya və Estoniya Daxili İşlər Nazirləri ilə görüşdən sonra bildirib.

“Biz bəyanat qəbul etdik. Biz Minsk hakimiyyətindən “Vaqner” qruplaşmasının Belarus ərazisini dərhal tərk etməsini, həmçinin Belarus xidmətləri tərəfindən sərhədyanı ərazilərə yığılan qeyri-qanuni miqrantların dərhal oradan uzaqlaşdırılmasını tələb etdik”, – deyə o qeyd edib.

Mariuş Kaminskinin sözlərinə görə, Baltikyanı ölkələr və Polşanın Belarusla sərhədində vəziyyət gərginləşir. Eyni zamanda Kaminski “Vaqner”in olduqca təhlükəli qrup olduğunu vurğulayıb.

Xatırladaq ki, Belarusda “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin yerləşdirilməsi ilə əlaqədar Polşa sərhədinin möhkəmləndirilməsi barədə iyunun sonunda ölkədə hakim “Qanun və ədalət” partiyasının sədri Yaroslav Kaçinski bəyan etmişdi. Polşa hakimiyyəti əraziyə 500-ə yaxın polis əməkdaşını yerləşdirmək, eləcə də qoşun qruplaşmasını artırmaq, o cümlədən sərhədə yaxın snayperlər yerləşdirmək qərarına gəlmişdi.

Bundan əlavə, avqustun əvvəlində Litva Prezidenti Gitanas Nauseda “Vaqner” döyüşçülərinin yerləşdirilməsi səbəbindən Polşa və Latviya ilə koordinasiyalı şəkildə Belarusla sərhədin bağlana biləcəyi barədə bildirmişdi.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə Belarusdakı “Vaqner” döyüşçülərinin Belarus ordusuna təlim keçdiklərini və öz təcrübələrini bölüşdüklərini demişdi.

Mənbə: “Sputnik” Litva

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir