Ermənistanın Rusiya təbii qazına sürpriz alternativi – ŞƏRH + FOTO

Dünya


Ermənistan iqtisadiyyatı daha çox Rusiyadan asılı vəziyyətdədir. Açıqlamaları və atdığı addımlara əsasən, rəsmi İrəvanın Moskvanın asılılığından xilas olmaq istədiyi qənaətinə gəlmək mümkündür. Ötən gün baş nazir Nikol Paşinyanın “Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir” deməsi də bunu təsdiqləyən faktlardandır. Odur ki, bu asılılıqdan xilas olmaq yolunu Ermənistan yeni şeflər axtarmaqda görür. Bir sıra suallar yaranır: Ermənistana hansı dövlət siyasi, hərbi, iqtisadi sahələrdə himayədar ola bilər? Yaxud o, Rusiyadan aldığı təbii qaza alternativ hansı ölkəni seçəcək?

Ermənistan birinci məsələni Qərb dövlətləri vasitəsilə həll etməyə çalışır. Fransa bu məsələdə canfəşanlıq etməklə daha fəal görünür. Ancaq onun fəaliyyəti bir sıra baxımdan şouya oxşayır. Ona görə də Fransanın Rusiyanı bu məsələdə əvəzləyəcəyi ciddi görünmür. Bu sahədə ABŞ daha real addımlar atana oxşayır. Ermənistanın İranla sərhədinin olmasını nəzərə alsaq, mənzərə aydın olar.

Əslində, Ermənistan üçün ən vacib, birinci məsələyə az qala bərabər ikinci məsələnin həllidir. Ölkənin təbii qazla təminatı Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir. “Qazprom Armeniya” onun törəmə şirkətidir. Rusiya şirkəti onun yeganə sərmayədarıdır. “Qazprom Armeniya” Ermənistanın daxili bazarına mavi yanacağı tədarük edir, reallaşdırır. Onun əsas fəaliyyət istiqamətləri bunlardır: təbii qazın nəqli, saxlanılması, bölüşdürülməsi və satışı, elektrik enerjisinin istehsalı və satışı, mövcud qaz nəqli və qazpaylayıcı sistemlərinin, yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi, qaz sənayesi obyektlərinin istismarının etibarlılığının, təhlükəsizliyinin təmin edilməsi. Şirkətin qazlaşdırma və qaz təchizatı üzrə 15 filialı və s. müəssisələri fəaliyyət göstərir. “Qazprom Armeniya” ölkənin ən böyük vergi ödəyicisi və elektrik enerjisi istehlakçısıdır. Ermənistan hər il min kubmetri 165 dollara iki milyard kubmetrdən artıq təbii qaz alır.

İrandan Ermənistana çəkilən təbii qaz kəmərinin uzunluğu 190 km-dir. Bu ilin yayında tərəflər “Elektrik enerjisi müqabilində qaz” sazişinin müddətinin 2030-cu ilədək uzadılmasına dair sənəd imzalayıblar. Mövcud kəmərlə İran Ermənistana illik bir milyard kubmetrdən çox təbii qaz nəql etmək gücündədir. Hazırda bu xətlə ildə 365 milyon kubmetr idxal olunur. “Şimal-Cənub enerji dəhlizi” hazır olana qədər bu həcm ildə 600 milyon kubmetrə, perspektivdə isə 1,5 milyard kubmetrdən 1,8 milyard kubmetrə qədər artacaq.

Ermənistan təbii qaz mənbəyi kimi İraqı da görür. Onları bu ölkə ilə birləşdirən təkcə orada yaşayan ermənilər deyil. Erməni siyasətçilər və rəsmilər əvvəllər PKK terrorçu qruplaşmasının başçıları və o istiqamətdə fəaliyyət göstərənlərlə tez-tez görüşlər keçiriblər. Son zamanlar isə İraqla Ermənistan arasında nümayəndə heyətlərinin görüşləri olur. Bu günlərdə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyanın başçılıq etdiyi nümayəndə heyəti Bağdadda səfərdə olub. Nazirin İraq rəsmiləri ilə keçirdiyi görüşlərdə Ermənistan-İraq iqtisadi-ticari əlaqələrinin potensialının tam reallaşması vurğulanıb. Ehtimal etmək olar ki, Ermənistan perspektivdə svop yolla İraqın təbii qazını İrandan ala bilər. Çünki İrandan alınan təbii qaz Rusiyadan idxal olunan həcmi ödəyə bilmir. Ona görə də rəsmi İrəvanın bu ehtiyacını İraq və İranın hesabına tam ödəyə biləcəyi ehtimal olunur.

Ermənistanda anti-Rusiya ovqatı gündən-günə güclənməkdədir. “Hraparak” qəzetinin yazdığına görə, “Qazprom Armeniya”da işçilər şirkətdə illər ərzində formalaşmış ənənələrə və qaydalara əməl edilməməsindən narazıdırlar. Onlar bildiriblər ki, əvvəllər bayramlarda, ilin sonunda və ya il ərzində müxtəlif hadisələrlə bağlı “Qazprom”dan müntəzəm olaraq bonuslar, əlavə ödənişlər alırdılar:

“Ancaq indi vəziyyət dəyişib. İşçilərə bonus verilmir, həvəsləndirici pul mükafatları yoxa çıxıb. Əməkhaqlarında da artım yoxdur. Əksinə, həm “Qazprom Armeniya”, həm də “Yerevanqaz” maaşları azaldıb”.

İşçilər “Qazprom”un baş ofisinə, Rusiyaya bu barədə müraciət edəcəklər. Bu sahədə də Moskvaya qarşı etirazın yetişdiyi görünür.

Odur ki, yaxın zamanlarda İraqın şimalındakı hökumətlə İrəvan arasında yeni layihələrin həyata keçiriləcəyi də istisna edilmir. Onların arasında enerjidaşıyıcılarına dair razılaşmalar ola bilər. Ermənistan və İraq buna artıq hazırlaşıblar. 2021-ci ilin fevralından ölkənin Ərbil şəhərində Ermənistanın baş konsulluğu açılıb. Bu baxımdan İraqla mümkün neft-qaz sahəsində ticarət əlaqələri Rusiya üçün sürpriz də sayıla bilər.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir