Baş prokuror Kamran Əliyev İqtisad Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb.
Baş Prokurorluqdan verilən xəbərə görə, Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə İƏT-in məsul şəxsləri ölkəmizə işgüzar səfərə gəliblər.
Baş prokurorla nümayəndə heyətinin rəhbəri – baş katibin müavini, səfir Jandos Asanov arasında baş tutan görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.
Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Jandos Asanov təmsil etdikləri qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycanın təşkilatın fəaliyyətində fəal iştirak etdiyini və daim təşkilatın işinə öz töhfəsini verdiyini bildirib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, təşkilat üzvləri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyi ətrafında müzakirələr aparılıb.
www.102info.az