“Moskvanın təklif etdiyi qaz qovşağı ilə bağlı Ankara son vaxtlar çoxsaylı dezinformasiyalara şahid olur”.
Bu barədə “RİA Novosti”yə Türkiyə Prezidentinin administrasiyasındakı mənbə xəbər verib.
Bildirilib ki, bu cür dezinformasiyalarda əsas hədəf layihənin perspektivlərini gözdən salmaqdır.
O, həmçinin vurğulayıb ki, bütün iri layihələrdə düşməncəsinə yanaşmalara rast gəlinir, qaz qovşağı layihəsi də istisna deyil.
“Rusiya və Türkiyə tərəfləri layihənin həyata keçirilməsi ilə bağlı işləri davam etdirirlər. Hazırda bütün detallar müzakirə olunur”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.
Mənbə onu da qeyd edib ki, layihənin məqsədi enerji təhlükəsizliyini və bazarda balanslaşdırılmış qiymət yanaşmasını təmin etmək olduğundan proyektdə iştirak edənlər arasında itirənlər olmayacaq.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Türkiyə qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradılacağı, qovşağın fəaliyyətinin hüquqi bazasını razılaşdıracağı barədə xəbər verilib.
www.102info.az