Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Süjetdə telekanalın jurnalisti tərəfindən məsələ ilə əlaqədar ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova ünvanlanmış suallara ətraflı cavablar da əksini tapıb.
Qeyd olunub ki, Ermənistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz edib. Erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı iki nəfər mülki şəxs, yeddi polis əməkdaşı həyatını itirib. Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Süjetdə Azərbaycanın 24 saatlıq antiterror tədbirlərinin sonunda qarşısına qoyduğu məqsədlərə tam şəkildə nail olduğu, tədbirlərin nəticəsi olaraq Xankəndidə məskunlaşmış separatçı rejimin təslim olduğu və onların hərbi arsenalının dağıdılaraq məhv edildiyi bildirilir. Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən, Ermənistanın Qarabağda məskunlaşan silahlı birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, həmçinin bütün silah-sursat və ağır texnika təhvil verilir.
Eyni zamanda, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Qarabağ icmasının nümayəndələri arasında Yevlax şəhərində keçirilən görüşün əhəmiyyətinə diqqət çəkilir, uzun illər kriminal xunta rejiminin əsirinə çevrilmiş bölgənin erməni sakinlərinin artıq azadlıq əldə etdikləri, onların bütün hüquqlarının təmin ediləcəyi və Azərbaycan cəmiyyətinə sosial-iqtisadi reinteqrasiya planının hazır olduğu vurğulanır.
www.102info.az