Ma Çi: “Çin rəqəmsal iqtisadiyyat sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır” – MÜSAHİBƏ

Dünya


Azərbaycan üçün əsas idxal bazarlarından biri olan Çin ilə iqtisadi əməkdaşlıq hər gün dərinləşir. Sentyabrın əvvəlində ölkələr arasında “İstehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında” çərçivə sazişi imzalanıb.

Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Ma Çi “Report”a müsahibəsində investisiya əməkdaşlığının genişləndirilməsindən, Orta Dəhlizinin Çin üçün rolundan, Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bizneslə məşğul olmaq imkanlarından danışıb.

– Çin və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

– Son illər Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin şəxsi iştirakı və dəstəyi sayəsində iki ölkə arasında iqtisadi və investisiya əməkdaşlığı dərinləşməkdə və genişlənməkdə davam edir.

Azərbaycanın statistik məlumatlarına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ikitərəfli ticarət il ərzində 41,1% artaraq 1,62 milyard ABŞ dolları təşkil edib və bu da Çini Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük idxal mənbəyi edir. Hazırda Çinin Azərbaycana ixrac etdiyi əsas mallar mexaniki avadanlıqlar, elektronika məhsulları, avtomobillər və qabaqcıl texnologiyalara əsaslanan digər məhsullardır. Bu qrup mallar ümumi ixracın 50%-dən çoxunu təşkil edir. Bu da öz növbəsində Azərbaycanın iqtisadi və sosial inkişafına müsbət təsir göstərir, əhalinin güzəranını yaxşılaşdırır.

İnvestisiya sahəsində ikitərəfli əməkdaşlıq da intensivləşib, özü də bərpa olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib. COVID-19 pandemiyasının nəticələri aradan qalxdıqca iki ölkənin yerli hakimiyyət orqanları və müəssisələri arasında təmaslar getdikcə artır. Yerli biznes şəraitini, bazar imkanlarını və ölkənin sənaye siyasətini öyrənmək üçün Azərbaycana Çin müəssisələrindən getdikcə daha çox nümayəndə səfər edir. Bu da öz növbəsində Azərbaycanda investisiya və əməkdaşlığa marağı xeyli artırır. Yaxın illərdə Çin investisiyaları sayəsində Azərbaycanda daha çox texnoloji və ekoloji cəhətdən təmiz layihələrin həyata keçiriləcəyi gözlənilir. Çin və Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində uğurla əməkdaşlıq edir və bundan sonra da ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirəcəklər, bununla da ölkə xalqlarının rifahının yaxşılaşdırılmasına mühüm töhfə verəcəklər.

– “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycan arasında əməkdaşlıq haqqında nə düşünürsünüz?

– Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü fəal dəstəkləyən ilk ölkələrdən biridir. Son 10 ildə iki dövlət başçısının diqqəti və səyləri sayəsində Çin və Azərbaycan bu təşəbbüsün həyata keçirilməsində mühüm irəliləyiş əldə ediblər. Ölkələr arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad əsasında inkişaf etməkdə davam edir və bu gün görünməmiş səviyyəyə çatıb: iki ölkənin siyasi partiyaları və hökumətləri bütün səviyyələrdə sıx əlaqələr saxlayır, siyasi əlaqələr daim genişlənir, ikitərəfli münasibətlərin institusional əsasları daha da möhkəmlənir. 2022-ci ildən Çindən Avropaya dəmir yolu yüklərinin daşınması baxımından əhəmiyyətli olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin inkişafı sürətlənib. İkitərəfli ticarət sabit olaraq qalır və sabit artım tendensiyası nümayiş etdirir ki, bu da öz növbəsində Azərbaycan məhsullarının Çin bazarına daxil olmasına töhfə verəcək.

Çin və Azərbaycan şirkətləri neft və qaz yataqlarına texniki xidmət, informasiya-kommunikasiya texnologiyaları, yeni energetika və tikinti materiallarının istehsalı sahəsində artıq bir sıra layihələri uğurla həyata keçiriblər. İnvestisiya əməkdaşlığı inkişaf etdikcə maliyyə inteqrasiyası da intensivləşir. İki ölkənin yerli hakimiyyət orqanları, gəncləri və mediası arasında təmaslar getdikcə çoxalır, mədəni-humanitar mübadilələr açıq şəkildə vüsət alır. Mənzərənin gözəlliyini qiymətləndirmək və “Odlar yurdu”nun ləziz milli mətbəxini dadmaq üçün Azərbaycana getdikcə daha çox çinli turist gəlir və bu da xalqlar arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Çin tərəfinin “Bir kəmər, bir yol” layihəsinin birgə həyata keçirilməsinin onilliyini yaddaqalan etmək üçün Azərbaycanla müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək arzusu və inamı var.

– Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqda maraqlıdırlarmı? Hazırda hansı layihələr planlaşdırılır? Çin bu istiqamətdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirmi?

– Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişini diqqətlə izləyirlər. Bir sıra müəssisələrin nümayəndələri bu ərazilərdə olub, “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər. Onlar hazırda investisiyaların təşviqində və orada fotoelektrik stansiyaların inşasında fəal rol oynayırlar. Çin müəssisələri işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinə diqqəti cəlb etmək, investisiya və biznes mühitini yaxşılaşdırmaq üçün Azərbaycan hökumətinin qəbul etdiyi investisiya təşviqi siyasətini diqqətə alıblar. Bu müəssisələr Azərbaycan tərəfi ilə bərpa olunan enerji mənbələri, infrastruktur, tikinti materiallarının istehsalı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə konkret layihələri müzakirə etməyə hazırdır.

– Azərbaycan bu yaxınlarda Pekində ticarət evi açıb. Sizcə, bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına necə təsir edəcək?

– Pekindəki Azərbaycan Ticarət Evi Çində sayca dördüncüdür və ticari-mədəni mübadilə platforması kimi mühüm rol oynayacaq. O, həmçinin Azərbaycanın milli imicinin formalaşmasına, “Made in Azerbaijan” brendlərinin tətbiqinə və populyarlaşmasına, Azərbaycan və Çin arasında ticarət əlaqələrinin daha səmərəli təşviqinə töhfə verəcək. Beləliklə, Azərbaycan məhsulları çoxlu sayda çinli istehlakçı üçün əlçatan olacaq. Bundan əlavə, ticarət evi ixtisaslaşmış Azərbaycan məhsullarının Çinə tədarükünü asanlaşdıracaq və bir çox çinli sahibkara Azərbaycan bazarı və istehsal sahələri haqqında intuitiv anlayış vermiş olacaq. Düşünürəm ki, böyük Çin bazarı və böyük istehlak tələbi Azərbaycan üçün çoxlu inkişaf imkanları açacaq.

– Çin tərəfi Azərbaycanla yeni əməkdaşlıq layihələri həyata keçirməyi və sənaye təcrübəsini bölüşməyi planlaşdırırmı?

– COVID-19 pandemiyasının başa çatmasından sonra Çin və Azərbaycan “itirilmiş üç ili” kompensasiya etmək üçün çox səy göstərdi. Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır. Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır.

Çin Bakı Enerji Həftəsində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərməklə yanaşı, həm də Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası və Çin Beynəlxalq İdxal Sərgisi kimi platformalar vasitəsilə Çin investorlarının cəlb edilməsində Azərbaycana fəal dəstək verir. Çin, həmçinin Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresindən kosmik texnologiya, rəqəmsal iqtisadiyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün istifadə edəcək. Çin müəssisələri Azərbaycanın biznes mühiti və bazar potensialına nikbin yanaşır və qeyri-neft sektorunda yeni əməkdaşlıq layihələrinin yaxın gələcəkdə öz bəhrəsini verəcəyinə inanırlar.

– Bərpa olunan enerji mənbələri istehsalçısı olan “Dongfang Electric” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirəcəkmi?

– “Dongfang” energetika şirkəti hazırda 230 MVt gücündə Qobustan fotoelektrik stansiyası layihəsini həyata keçirir. Qobustan Azərbaycanda yeni enerji sahəsində ilk irimiqyaslı layihələrdən biridir. Bu, həm də Çin şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən bu qəbildən olan ilk irimiqyaslı layihədir. O, qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çin şirkəti bir sıra çətinlikləri aradan qaldırdıqdan sonra cəmi bir neçə ay ərzində təxminən 5 kvadrat kilometr ərazidə səhranı “tükənməz sərvət mənbəyinə” çevirib. Hazırda layihə tamamlanma mərhələsinə qədəm qoyub və yaxın gələcəkdə onun enerji şəbəkəsinə qoşulması gözlənilir ki, bu da Azərbaycanın enerji strukturunun transformasiyasında müsbət rol oynayacaq. Düşünürəm ki, bu irimiqyaslı layihənin uğurla həyata keçirilməsi fonunda Çin şirkətləri öz səylərini davam etdirəcək və Azərbaycanın iqtisadi inkişafına daha böyük töhfə verəcəklər.

– Çinin Orta Dəhlizdən istifadə etmək və onun potensialını artırmaq maraqları barədə məlumat verə bilərsinizmi?

– Orta Dəhliz “Bir kəmər, bir yol” layihəsinin ideyasına uyğundur. O, regional kommunikasiyaların və iqtisadi inkişafın gücləndirilməsi, eləcə də qlobal logistika və istehsal zəncirlərinin sabitliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Orta Dəhliz Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa marşrutu üzrə dayanıqlı və fasiləsiz tədarükü təmin edir və Çin-Avropa istiqamətində dəmir yolu ilə yük daşımalarının diversifikasiyasına töhfə verir. Çin layihənin maddi-texniki təchizatını davamlı olaraq təkmilləşdirmək, nəqliyyat dövriyyəsini qısaltmaq, nəqliyyat xərclərini azaltmaq və mümkün qədər çox mal cəlb etmək üçün Orta Dəhliz ölkələri, o cümlədən Azərbaycan ilə əməkdaşlığı bundan sonra da gücləndirməyə hazırdır. Çin Azərbaycanla imkanları bölüşməyə və qarşılıqlı fayda əsasında qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.

– Rəqəmsal iqtisadiyyatda əməkdaşlığın perspektivləri necədir?

– Çin Azərbaycanın son illər iqtisadiyyatını şaxələndirmək üçün həyata keçirdiyi konstruktiv tədbirlərə diqqət yetirir. Rəqəmsal iqtisadiyyat texnologiyalarının səviyyəsi və onların tətbiqi miqyasına görə Çin dünya liderləri sırasındadır. Biz müvafiq təcrübəni bölüşməyə və şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşmanın inkişafı və kibertəhlükəsizliyin təmin edilməsində Azərbaycana fəal dəstək verməyə hazırıq. Tərəflər Azərbaycanın iqtisadi transformasiyasına yeni təkan vermək üçün 4-cü sənaye inqilabı, blokçeyn, süni intellekt, rəqəmsal biznes, “ağıllı” kənd təsərrüfatı və rəqəmsal hökumət sahələrində əməkdaşlıq imkanlarını araşdıra bilərlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir