İspaniyanın San-Sebastyan şəhərində baş tutan 71-ci Beynəlxalq Kinofestivalda “Ən yaxşı film” nominasiyasına ispan rejissoru Hayone Cambordanın “The Rye Horn” (“O corno”) filmi layiq görülüb. Film rejissora festivalın əsas mükafatı olan “Qızıl balıqqulağı”nı qazandırıb.
Aktyorlar Marselo Subiotto və Tatsuya Fudzi ən yaxşı rola görə “Gümüş balıqqulağı” mükafatını alıblar.
Onlarla yaradıcılıq məhsulunun təqdim olunduğu film nümayişi sentyabrın 22-də başlayıb. Bu il “Yeni rejissorlar” kateqoriyasında rusiyalı rejissor İlya Malaxovanın çəkdiyi “Salam, ana” (“Привет, мама”) filmi də təqdim olunub. Film nümayişi nəticəsində bu kateqoriya üzrə mükafat hindistanlı rejissor Diva Şahın “Cəsur Bahadur” (“Bahadur the Brave”) filminə verilib.
Qeyd edək ki, “San-Sebastyan” Beynəlxalq Kinofestivalı 1953-cü ildən başlayaraq hər il keçirilir və Avropanın ən nüfuzlu festivallarından biri hesab olunur. Film nümayişi bir neçə dəfə dünya kinomatoqrafiyasında əhəmiyyətli premyeralar üçün platformaya çevrilib. Məhz “San-Sebastyan” Beynəlxalq Kinofestivalının arenasında “Ulduz müharibələri”nin (“Star Wars”) Avropa premyerası baş tutub və dünya ilk dəfə Alfred Hiçkokun “Şimal-qərb vasitəsilə şimala doğru” (“North by Northwest”, 1959) filmini görüb.
Onu da əlavə edək ki, 2021-ci ildə “Ən yaxşı film” nominasiyasına rejissor Alina Qriqorenin çəkdiyi “Mavi Ay” (“Crai nou”) filmi, keçən il isə Laura Moranın rejissoru olduğu “Dünyanın Kralları” (“Los reyes del mundo”) filmi seçilib.
Mənbə: TASS
www.102info.az