Türkiyə Kosmik Agentliyinin prezidenti: “Türk Dövlətləri Təşkilatı kosmosa öz peykini buraxacaq” – MÜSAHİBƏ

Dünya


“Türk Dövlətləri Təşkilatı kosmosa öz peykini buraxacaq”.

Bunu Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyin Yıldırım APA-ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Türkiyə Kosmik Agentliyinin “Azərkosmos” və ya Azərbaycanda hər hansı şirkətlə əməkdaşlığı varmı? Ümumiyyətlə, əməkdaşlıqla bağlı qarşıda duran planlar nədir?

– Hal-hazırda Türkiyə Kosmik Agentliyinin Azərbaycanla əməkdaşlığı var, amma gələcəkdə daha çox olacaq. Bu gün Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Bu, dünyanın ən prestijli tədbiridir və ildə cəmi bir dəfə təşkil olunur. Qardaş ölkəmiz olduğunuz üçün biz həm TUA (Türkiyə Kosmik Agentliyi) olaraq, həm də digər qurumlarımızla birlikdə çox geniş bir heyətlə gəlmişik. Həm nazirimiz, həm nazir müavinimiz, həm Selçuk Bayraktar gəliblər.

Biz təkcə bununla kifayətlənməmişik, həm də tədbirin “Platin” sponsoruyuq. “Azərkosmos” olmasaydı, bu sponsorluq olmayacaqdı. “Azərkosmos”la çox yaxşı əməkdaşlığımız var. Bir də bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı (TDT) var. TDT inkişaf edən bir təşkilatdır, inkişaf edir və genişlənir. Təşkilatın hazırda beş daimi, üç müşahidəçi üzvü var. Hazırda biz türk dövlətlərinin kosmik agentliklərinin rəhbərliyi ilə kosmik fəaliyyətə başlamışıq. İki toplantı keçirmişik, üçüncüsü Türkiyədə olacaq.

Biz iki layihə təklif etmişik və qəbul edilib. Birinci layihə kosmosla maraqlanan gənclərin bir-birini tanıması layihəsidir. Hər ölkədən 10 tələbə və iki müəllim olmaqla 12 nəfəri Türkiyəyə dəvət etmişik ki, həm kosmosla bağlı bir həftəlik təhsil alsınlar, həm də bir-birlərini tanısınlar. Burada məqsəd, sadəcə, təhsil deyil, həm də onların bir-birlərini tanımaları şərtdir. Onların bir-birlərinin dillərini başa düşmələri çox önəmlidir. Türk dövlətləri desək də, təəssüf ki, hələ də bəzən bir-birimizi başa düşə bilmirik. Ötən 100 il içərisində bəzi məsələlər ilə bağlı bir-birimizdən uzaqlaşdıq, indi yaxınlaşmaq vaxtıdır. Bu tədbiri hər il təşkil etməyi planlaşdırırıq.

İkincisi isə, düşündük ki, TDT ölkələri olaraq kiçik bir peyk istehsal edək. Həmin peyki özümüz dizayn edək, özümüz də istehsal edək. Sonra səmaya buraxaq, ya da buraxdıraq. Bununla bağlı bəzi sıxıntılarımız var. Daha sonra isə birlikdə bu peyki çalışdıraq. Birlikdə işlədərkən də bir çox şeyi öyrənək. Məsələn, “on board computing” deyilən bir sistem var. Yəni toplanan məlumatların Yerə endirilmədən peykin özündə emal edilməsi. Bu yeni bir sistemdir. Bu məsələni birlikdə öyrənmək lazımdır. Məqsədimiz Yerdən komanda vermək, peykdə dataların işlənilməsidir. Bunların hamısını edəcəyik. İki-üç il içərisində bu TDT ölkələrin mütəxəssisləri birlikdə çalışacaqlar. Bunlar bizə birlikdə çalışmağı öyrədəcək. Gələcəkdə gözəl xəbərlərimiz olacaq.

Bundan başqa, Özbək Kosmik Agentliyi quruldu. Onlar da çox istəklidirlər və can atırlar. Qazaxlarda, onsuz da, bir infrastruktur var. Qırğızlar, macarlar da istəklidirlər. Ardınca isə türkmənlər gəlirlər. Şimali Kipr Respublikası da bu sıraya qoşulacaq. Hamımız birlikdə bu işi irəli daşımağa qətiyyətliyik.

– Qeyd etdiyiniz peykin kosmosa yola salınması üçün lazım olan maliyyə vəsaiti nə qədərdir?

– Bununla bağlı hələ ki qəti bir şey demək yanlış olar. Çünki peykin ölçüsündən tutmuş, kosmosa yollamağa, içərisinə yerləşdiriləcək faydalı yüklərə qədər çox fərqli detallar mövcuddur. Amma minimum lazım olan vəsait iki milyon dollardır. Bu rəqəm dörd-beş milyon dollara qədər yüksələ bilər. Dolayısı ilə bizim peykin konfiqurasiyasını təyin etdikdən sonra yekun qiymət də bəlli olacaq. Amma məbləğin elə də problem olacağını inanmıram. Bu qədər ölkələr birliyində bir neçə milyon dollar vəsait problem olmayacaq.

– TDT-nin peykinin hazırlanmasında üzv ölkələrin üzərinə ayrılıqda hansı işlər düşür?

– Hələ bölgü etməmişik, bunun üzərində çalışırıq. Amma bu elə də çətin məsələ deyil. Çünki kim edərsə-etsin, onsuz da peyki birgə çalışdıracağıq. Məsələn, Azərbaycan desə ki, bu peykin filan hissəsini mən edirəm, həmin hissəni yalnız azərbaycanlı mütəxəssislər etməyəcəklər. Digər TDT-nin ölkələrindən olan mütəxəssislər də onlara köməklik edəcəklər. Türkiyə də həmçinin. Dolayı yolla, işin ən əhəmiyyətli hissəsi birgə çalışmağı öyrənməkdir. Bu, bizim üçün çox vacibdir.

Görün neçə ildir ki, Sovet İttifaqı dağılıb, amma mənim subyektiv fikrimdir ki, bizim əməkdaşlığımız ümumi olaraq istənilən səviyyədə deyil. Türkiyə və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb, amma digərləri ilə hələ də gedilməsi lazım olan məsafə var. Bunun sistemi hazırlanmalıdır. Güc birliyinə ehtiyacımız var. Hər zaman Avropa Birliyini misal gətirirəm. AB-dəki ölkələr tarix boyu bir-birini qırıb, bir-biri ilə müharibə edib, qan tökmüş ölkələrdir. Lakin buna baxmayaraq, güc olmaq üçün birləşməyi bacardılar. Biz isə qardaşıq. Bizim heç bir yad, özgə yerimiz yoxdur. Müharibə etməmişik, niyə bəs birlikdə güclü olmağımız üçün bir yerə toplana bilmirik?! Bunu bacarmalıyıq. Düzdür, kimlərsə işimizə “çomaq soxa” bilər, əngəl ola bilərlər. Bu, normaldır. Çünki belə bir güc ortaya çıxdığı zaman birilərini narahat etməyə başlayacaq. AB təcrübəsinə nəzər salmaqla iqtisadi birlikdən başlayaraq, bir çox məsələdə, xüsusilə dil, əlifba, milli valyuta ilə bağlı birlik qurula bilər. Bunlar, həqiqətən, dünya axarına təsir edə biləcək gücdür. Bunu arzu edirik, amma sahəmiz kosmos olduğu üçün bu əməkdaşlığı kosmos sahəsində inkişaf etdirməyi düşünürük.

– Kosmik sənayeni inkişaf etdirərkən daha çox hərb sahəsinə və daha bir neçə gizli məqamlara görə inkişaf etdirirlər. İstər Qarabağ müharibəsi dövründə, istərsə də digər məsələlərdə Azərbaycan və Türkiyə arasında hansı məlumat mübadilələri olur? Bu istiqamətdə qarşıda duran planlar nələrdir?

– Bizim Türkiyə Kosmik Agentliyi sivil bir qurumdur. Hərbi məsələlər, hərbi layihələr ilə maraqlanmırıq. Amma bunu bilirik ki, bu texnologiya dual texnologiyadır. Yəni bıçağın iki tərəfi kimidir. Biz sivil tərəf olmaqla yanaşı, texnologiyanın inkişafına ölkələrimizin təhlükəsizliyi baxımından çox önəm veririk. Çünki kosmosda nə baş verdiyini bilmək – buna “space situational awareness” deyilir, çox önəmli faktordur.

Hal-hazırda üzərimizdən yüzlərlə peyk keçir, bundan xəbərimiz varmı? Bu peyklər hansı ölkəyə məxsusdur, hara baxırlar, heç birindən xəbərimiz yoxdur. Bu, yaxşı bir şey deyil. Ona görə də buna hazır olmaq, çalışmaq, güclü olmaq, kosmosda da olmaq lazımdır ki, təhlükəsizliyimiz baxımından hər şeydən xəbərimiz olsun. Çünki hamı xoşniyyətli deyil. Məsələn, bir şey kəşf olunur, bu, həm insanların xeyrinə, həm də zərərinə istifadə oluna bilər. Biz kosmosdan istifadənin yalnız sülh məqsədləri üçün olmasının tərəfdarıyıq. Kosmosun silahlaşdırılmasına, kosmosda hər hansı bir müharibə olmasına qarşıyıq. Çünki bunlar bəşəriyyətə fəlakət gətirər. Müharibəni biz başlatmarıq, amma müharibə olarsa, buna hazırlıqlı olmalıyıq. Məlumat toplamaq üçün bizim üç, Azərbaycanın bir peyki var. Bununla biz həm lazım olan informasiyaları alırıq, həm də təhlükəsizliyimizi risk altına salmaqdan çəkinirik.

– Qeyd etdiniz ki, TDT-nin kosmosla bağlı layihələri var. Bu layihələrdə hansı ölkələrin praktikası tətbiq olunacaq, bizim üçün daha uyğun olanı hansıdır?

– Kosmos çox geniş bir sahədir. Biz də götür-qoy edirik ki, hansı tərəfə daha çox əhəmiyyət verək, hansı yolla irəliləmək lazımdır. Çünki mənbələr məhduddur. Məhdud mənbələrdən doğru istifadə etmək lazımdır. Onun üçün də texniki işləri çox həssaslıqla istifadə edirik. Hal-hazırkı ehtiyaclarımıza, gördüklərimizə görə addımlar atırıq. Amma hər şey çox kəskin dəyişir. Çünki indi kosmos çağındayıq. Hər şey kosmosa çıxır, hər şey oradan idarə olunur və bu, yüksələn xətlə belə də davam edəcək. Kosmosu qulaqardı edən asılı vəziyyətdə olar. Allah qorusun, kiminsə köləsi olmaq durumuna düşməmək üçün doğru yerdə, doğru zamanda investisiya qoymalıyıq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir