“ABŞ Prezidenti Co Baydenin administrasiyası Çinə qarşı mübarizə aparmaq üçün bir sıra Asiya ölkələri ilə kəşfiyyat əməkdaşlığını genişləndirir”.
Bu barədə “Bloomberg” xəbər agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, ABŞ-nin prezident administrasiyası Asiyada bir neçə ayrı, lakin üst-üstə düşən, o cümlədən QUAD qruplaşması (Avstraliya, Hindistan, Yaponiya və ABŞ-ı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqu) ilə kəşfiyyat məlumatlarının bölüşdürülməsi tərəfdaşlıq sazişi inkişaf etdirir. Agentlik yazır ki, bu şəbəkəyə, həmçinin ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli tərəfdaşlıq, eləcə də ABŞ, Yaponiya və Filippin arasında tərəfdaşlıq daxildir. Həmçinin qeyd olunur ki, ABŞ rəsmiləri həmçinin internetdə Çin əməliyyatlarına dayanıqlığı artırmaq üçün Yaponiya, Hindistan və Vyetnam ilə ikitərəfli məlumat mübadiləsini artırmağı planlaşdırdıqlarını bildiriblər.
Agentliyin verdiyi məlumata əsasən bu kəşfiyyat sahəsində tərəfdaşlıq münasibətləri qismən Böyük Britaniya parlamentinin son hesabatında dünyada ən böyük hesab edilən Çin kəşfiyyat aparatının artan gücünü azaltmağa yönəlib. “Bloomberg” vurğulayır ki, Pekindən gələn təhlükə ilə bağlı artan narahatlıqlar fonunda ABŞ administrasiyasının səyləri regionda əlaqələri dərinləşdirmək üçün daha geniş proqramın bir hissəsidir.
“ABŞ rəsmilərinin dediklərinə görə, Çinin regionda artan iddialılığı və bəzi dövlətlərdə baş verən son rəhbərlik dəyişikliyi Cənubi Koreya və Filippin kimi ölkələrin əməkdaşlıq etmək istəyini artırıb”, – deyə agentliyin məlumatında bildirilir.
“Bloomberg” xəbər verir ki, Ağ evin nümayəndəsi ABŞ-nin regiondakı əməkdaşlığının məlumat mübadiləsini əhatə etdiyini, lakin konkret əlaqələrə dair şərh verməkdən imtina etdiyini bildirib. Hindistan Xarici İşlər Nazirliyi şərh verməkdən imtina edib, Koreya Respublikası, Yaponiya, Avstraliya, Filippin və Vyetnam hökumətləri isə “Bloomberg”in sorğusuna cavab verməyiblər.
www.102info.az