Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda bölgəni su ilə təmin edən 2 bənddən biri – Mumcular su bəndində suyun səviyyəsi 8 faizə düşüb və bəndə suyun daxil olması dayandırılıb.
Buna səbəb yay mövsümündə yaşanan intensivlik və ötürücü xətlərdə meydana gələn nasazlıqlar olub. Bəndin içərisində kiçik adalar əmələ gəlib.
Şəhərin su təminatını qarşılayan digər Geyik bəndində də suyun səviyyəsi 13 faizə düşüb.
Bu barədə Muğla Sıtkı Koçman Universitetinin professoru Ceyhun Özçelik məlumat verib.
O, səlahiyyətliləri təcili tədbirlər planı hazırlamağa çağırıb.
Ceyhun Özçelik quraqlıq səbəbi ilə yeraltı su səviyyəsinin də aşağı olduğuna diqqət çəkib.
“Dünyada orta göstəricilərə görə, qeydə alınan ən isti yay ayını yaşadıq. Həmçinin bu ilin ən isti il olacağını gözləyirik. Bu mənada iqlim dəyişikliklərini müşahidə edirik. Bu il olduqca quraq keçdi. Bodrumu içməli su ilə təmin edən Mumcular və Geyik bəndlərində ciddi problemlər yaşandığını dilə gətiririk. Mumcular su bəndində su axını tamamilə dayanıb. Bənd gölündə su qalmayıb. Geyik su bəndində suyun səviyyəsi ölü həcmdədir. Yeraltı sularımızın səviyyəsi də kifayət qədər aşağıdır. Bizi çətin günlər gözləyir. Bu, digər xəbərdarlıqlardan fərqlidir. Bu, suyumuzun tamamilə bitdiyi mənasına gəlir”, – deyə professor vurğulayıb.
Mənbə: Haber Global
www.102info.az