Roman Qureviç: “Ermənistanda deyirlər ki, israillilərə bu da azdır…” – İSRAİLDƏN MÜSAHİBƏ

Dünya


İslami Müqavimət Hərəkatının (HƏMAS) yaraqlılarının İsrailə qarşı misli görünməmiş hücumundan beş gün keçir. Yaxın Şərqdə əsl müharibə başlayıb. Qurbanların sayı mini keçir. Əsasən, mülki əhali əziyyət çəkir.

HƏMAS-ın qanlı aksiyasının arxasında kim dayanır? İslami Müqavimət Hərəkatı təkbaşına belə genişmiqyaslı aksiyanı planlaşdırıb həyata keçirə bilərmi? Oxu.Az bu barədə “Soxnut” Ümumdünya Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri, israilli politoloq Roman Qureviçlə danışıb:

– Əvvəla, demək istəyirəm ki, biz İsraildə Azərbaycan xalqının qardaş dəstəyini çox yüksək qiymətləndiririk. Bakıdakı səfirliyimizə gətirdiyiniz gülləri, yandırdığınız şamları görürük. Mənə Bakıdan bir çox adamlar zəng ediblər. Bütün bunlar çox vacibdir. Azərbaycandan olan qardaşlarımıza böyük təşəkkürümü çatdırmaq istəyirəm.

– Qərb mediası, xüsusən də, “The Wall Street Journal” İsrailə hücum planının İran tərəfindən hazırlandığını yazır. Öz növbəsində, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi bu məlumatı təkzib edib. Eyni zamanda, məlumdur ki, “Hizbullah”dan fərqli olaraq, HƏMAS İranın proksisi deyil.

– Təbii ki, “Hizbullah” tamamilə İran tərəfindən dəstəklənir. HƏMAS-ın başqa himayədarları var, lakin son vaxtlar İran bu hərəkata aktiv şəkildə kömək edir. HƏMAS liderləri, quldurlar silahlara və yaraqlıların təliminə göstərdiyi yardıma görə Tehrana təşəkkür ediblər.

HƏMAS-ın hücum aktı, təəssüf ki, çox yaxşı hazırlanmışdı. Hücumun ikinci günündə qadınlarımızı və uşaqlarımızı Qəzzaya aparanda İran rəhbərliyi İslami Müqavimət Hərəkatının liderlərini qəbul edib, onları təbrik edib və “ədalətli mübarizəsini” dəstəkləyib.

Mənim fikrimcə, HƏMAS güclü şəkildə buna vadar edilməsəydi, heç vaxt belə bir şey etmək qərarına gəlməzdi. İran bir tərəfdən HƏMAS-ı hərəkətə keçirəndə, digər tərəfdən də (Livan – red.) “Hizbullah” atəş açmağa başlayanda biz bütün bunların böyük planın tərkib hissəsi olduğundan ehtiyat etdik.

Üçüncü tərəfdən isə onlar hər cür yolla Qüdsdə, İudeya və Samariyada (İordan çayının qərb sahili – red.) iğtişaşlar salmağa çalışırlar.

Bir vacib məqam var – ABŞ İsrail sahillərinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasından aviadaşıyıcı zərbə qrupu göndərib. Bu qrupu, o cümlədən sualtı qayığı göndərənlər bizim təxmin etdiyimizdən daha çox şey bilirlər. Belə bir “zərbə yumruğu”nu elə belə göndərmirlər. Ona görə də əminəm ki, hücumu həyata keçirən təkcə HƏMAS deyil.

– Eyni zamanda, Livan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, İsrail Livana hücum etməsə (lakin artıq qarşılıqlı hücumlar var idi), “Hizbullah” öz təşəbbüsü ilə İsraillə müharibəyə girməyəcəyinə söz verib.

– “Hizbullah” aradabir atıb-tutur, ona görə ki, “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullah İsraili dəhşətli dərəcədə hədələyir. Amma o, bunu ikinci Livan müharibəsindən (2006 – red.) sonra uzun illər oturduğu bunkerindən çıxmadan edir. İranlı ağası ona əmr etsə, təbii ki, İsraillə döyüşmək üçün silahlıları göndərəcək. Bəli, ilk zərbəni buraxdıq, amma bundan sonra nə olacağını onlar bilirlər.

İsrailin yaxından əməkdaşlıq etdiyi Misir kəşfiyyatı İsrail Müdafiə Qüvvələrinin Qəzzaya girəcəyi təqdirdə “Hizbullah”ın hücum edəcəyi ehtimalının yüksək olduğunu bildirib.

Bizə hücum etdilər, bu hücum Yom Kippur müharibəsi ilə (1973-cü ildə ərəb dövlətləri koalisiyası ilə İsrail arasında hərbi münaqişə – red.) müqayisə edilir. Çoxlu sayda ölən, yaralanan və itkin düşənlərimiz var. Lakin sonda hər şey necə lazımdır, elə də olacaq. Mən bir daha Beşinci Amerika Donanmasının zərbə qrupunun təcili iştirakı amilini vurğulayacağam ki, bu da baş verən hadisələrin miqyasını göstərir.

– Bir az da beynəlxalq reaksiyadan danışaq. İsrail və Qəzza zolağında hadisələrin gərginləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Yekun bəyanat qəbul edilməyib…

– BMT boş-boş danışılan söhbətxanaya çevrilib. Orada çox danışılır, amma mənası azdır. BMT islahatlara ehtiyacı olan qurumdur.

– Azərbaycanda İsrailə verilən mənəvi dəstək fonunda Ermənistanın sosial şəbəkələrində və mediasında HƏMAS-ın İsrailə hücumu ilə bağlı ağlasığmaz sevinc hiss olunur…

– … bəli, biz bunu bilirik, oxuyuruq. Yazırlar ki, İsrailə bu da azdır. İsraillilərin Azərbaycana kömək etməsinə görə “ədalətli qisasdır” və s. Bütün bu bəyanatlar İrəvanda sinaqoqa edilən son hücum və bütün dünyada sinaqoqların yandırılması ilə bağlı təhdidlərlə çox gözəl “tamamlanır”.

Belə böhranlı vəziyyətdə kimin dost, kimin düşmən olduğu aydın olur.

– Söhbətin sonunda İsrail kəşfiyyatının gözlənilən hücumla bağlı əvvəlcədən xəbər tutmaması barədə fikrinizi soruşmaya bilmərəm.

– İki variant var. Birinci variant: Qəzzada geniş agent şəbəkəsi, Misir kəşfiyyatı ilə əlaqələri və güclü elektron nəzarət vasitələri ilə İsrail kəşfiyyatı bütün bunları nəzərdən qaçırıb. Bu variant mümkün ola bilər, amma mənə ağlabatan görünmür.

İkinci ssenari daha çox ehtimal olunan görünür: kəşfiyyat hər şeyi görüb və məlumat çatdırıb. Bildiyimə görə, misirlilər də xəbərdarlıq ediblər. Bu hesabatlar ünvanına çatıb və görünür, kimsə bu və ya digər səbəbdən bütün bu xəbərləri diqqətdən kənarda saxlamaq qərarına gəlib.

İndi qalib gəlmək, asayişi bərpa etmək lazımdır. Sonra kimin günahkar olduğunu öyrənəcəyik. Amma ordunun, dəqiq, heç bir günahı yoxdur.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir