Oktyabrın 7-də Qəzza zolağından İsrailə daxil olan radikal Fələstinin HƏMAS hərəkatının üzvlərində hücum zamanı şəhərlərin və hərbi bazaların dəqiq xəritələri, həmçinin İsrail zirehli texnikasının zəif yerləri haqqında ətraflı məlumatlar olub.
Bu barədə “The Wall Street Journal” öldürülən yaraqlıların əşyalarından tapılan sənədlərə istinadən xəbər verir.
Qrup üzvlərinin üzərində ərəb dilində yazılmış ətraflı təlimatlar olub. Bu, hücumun yüksək səviyyədə planlaşdırılmasından, eləcə də HƏMAS-ın kəşfiyyat məlumatları toplamasının ciddi miqyasından xəbər verir.
“Onlar nəyi hədəf alacaqlarını dəqiq bilirdilər”, – deyə İsrailin keçmiş kəşfiyyat rəsmisi Maykl Milşteyn bildirib və izah edib ki, daha əvvəl HƏMAS-ın heç bir hücumunda bu səviyyədə planlaşdırma olmayıb.
15 iyun tarixli “tam məxfi” qeydi olan sənədlərdən birində Mefalsim kibbutzuna daxil olmaq planı olub. O, 14 səhifədən ibarətdir və içində aerofotoşəkillər və xəritə var. Həmçinin bu sənəddə ərazidə könüllü təhlükəsizlik qüvvələri tərəfindən qorunan təxminən min mülki vətəndaşın yaşadığına dair məlumatlar var. Fayla əsasən, “Y gününün S saatında” beş nəfərdən ibarət iki qrup və bir komandir əməliyyat keçirməli, həmçinin danışıqlar üçün girovlar götürülməli idi. Onların hesablamalarına görə, Mefalsim yaxınlığında yerləşən İsrail hərbçiləri 3-5 dəqiqəyə buraya çata biləcəkdilər. Oktyabrın 7-də HƏMAS üzvləri həqiqətən də Mefalsimə hücum ediblər.
www.102info.az