Dostlar düşmənləri tanımağa da yardım edirlər. ASALA, PKK və başqa terrorçu qruplaşmalar, eləcə də Fransa kimi dövlət heç bir səbəb və izah göstərmədən Türkiyə ilə mübarizə aparıblar. Onlar türk diplomatları, iş adamları və nüfuzlu ictimai, siyasi xadimlərə qarşı sui-qəsdlər təşkil ediblər.
Terrorçular və bu təfəkkürdə olan bəzi qruplar müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı da hədəf alıblar. Bu düşmən ünsürlər (onları başqa cür adlandırmaq olmur – red.) bütün fürsətlərdən Türkiyə və Azərbaycana qarşı istifadə edirlər. Rəsmi Ankara və Bakının İsrailə və Fələstinə münasibəti məlumdur. HƏMAS-İsrail qarşıdurmasında da Azərbaycan və Türkiyə müharibənin dayandırılmasının tərəfdarı kimi çıxış edirlər, onlar münaqişənin qızışdırılmasının əleyhinədirlər. Prezident Rəcəb Tayyib Ərdoğan münaqişənin dayandırılması və girovların qaytarılması ilə bağlı ölkəsinin vasitəçiliyini də təklif edib.
Başqa sözlə, Ankara və Bakı İsraillə Fələstin arasında münasibətlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq düşmənlər yenə meydandadırlar. Oktyabrın əvvəlində Livanda bir qrup fitnəkar Azərbaycan və Türkiyənin qarşıdurmaya münasibəti ilə bağlı təhrifedici mövqedən çıxış ediblər. HƏMAS və Livanın “Hizbullah” qruplaşmalarının tərəfdarları kimi çıxış edən, bu ölkədə yaşayan erməni etnik qrupunun nümayəndələri Beyrutda Ermənistan və mövcud olmayan qondarma “DQR” bayraqları ilə aksiya keçiriblər. Azərbaycan, Türkiyə və İsrailin dövlət bayraqlarını yandırıblar. İşğalı, separatizmi təbliğ edib dəstəkləyən, millətlər, dövlətlər arasında düşmənçilik toxumu səpən bu ünsürlər Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.
Livandakı siyasi qüvvələr və hakimiyyət Fransanın, İranın nüfuz dairəsindədirlər. Bu ölkədəki “Hizbullah” qruplaşmasını Tehranın dəstəklədiyi də yenilik deyil. Bu siyasi-hərbi qruplaşma İrandakı hakimiyyətin xeyir-duası və maliyyəsi hesabına yaradılıb.
Təəssüf ki, “Hizbullah” heç vaxt Azərbaycanın işğalçılara qarşı haqlı mübarizəsini bir açıqlama ilə də olsun dəstəkləməyib, eləcə də, Azərbaycan əleyhinə tədbirlərə qarşı çıxış etməyib.
Sözügedən aksiya Azərbaycana qarşı son üç ayda sayca üçüncüdür. Cari ilin avqustunda erməni etnik qrupuna məxsus 50 nəfərlik qrup Azərbaycanın Livandakı səfirliyinin inzibati binasının ətrafındakı hasara zərbələr endiriblər. İçərisində boya olan və partlayıcı bərkidilmiş butulkaları səfirliyin inzibati binasına atıblar. Diplomatik missiya binasının polis tərəfindən qorunmaması Livanın müvafiq qurumları üçün yaxşı hal sayılmır. Cinayəti törədənlər hadisə yerindən uzaqlaşandan sonra polis əməkdaşlarının əraziyə gəlməsi isə hadisənin düşünülmüş olduğunu ehtimal etməyə əsas verir. Təxribatın təşkilatçısı da Ermənistanın “Daşnaksütyun” partiyasının yerli şöbəsi olub.
Səfirliyin mühafizəsinin gücləndirildiyi deyilsə də, təxminən bir ay sonra, sentyabrın 29-da erməni etnik qrupunun nümayəndələrindən ibarət bir dəstə Azərbaycanın Beyrutdakı səfirliyinə hücum etməyə səy göstərib. Bu nədir? HƏMAS-ın, Fələstin müsəlmanlarının müdafiə olunduğu, onlara görə İsraillə müharibəyə girişən bir ölkədə Azərbaycan səfirliyi hücuma məruz qalır, Türkiyə ilə birlikdə onun dövlət bayrağı yandırılır, ərazi bütövlüyünə qarşı şüarlar səslənir.
Əslində, həmin qüvvələr HƏMAS-ın, yaxud müsəlmanların təəssübünü çəkmir. Onlar yaranmış vəziyyətdən yararlanaraq Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi təbliğ ediblər.
Bu tip aksiyaların kökləri Livanla məhdudlaşmır. Bu, Livan-Ermənistan-Fransa üçlüyünün Türkiyə və Azərbaycana qarşı mövqelərinin təzahürüdür.
1929-cu il yanvarın 25-də Livanın paytaxtı Beyrutda ermənilərin Baş yeparxiyası (Müqəddəs İlyas və Nurlandırıcı Qriqorinin Kafedrali) təsis edilib. 1975-ci ildə isə Beyrutda ermənilərin ASALA terror qruplaşması yaradılıb. Özlərini antiimperialist adlandırsalar da, əslində, antitürk fəaliyyəti ilə seçiliblər. Düzdür, özlərini buraxdıqlarını bildirsələr də, son hadisələr bunun formal olduğunu təsdiqləyir. Onların Fələstin silahlıları və Suriyadakı PKK terrorçuları ilə əlaqələrinin olduğu da məlumdur.
Livan-Ermənistan-Fransa antitürk zənciri Azərbaycanın Vətən müharibəsi zamanı da özünü daha qabarıq göstərdi. O zaman da Beyrutdakı erməni kilsəsi işğalı və düşmənçiliyi təbliğ edən başlıca rupor rolunda çıxış etdi. Hətta Livandan terrorçuların Qarabağa gətirilərək Azərbaycana qarşı döyüşlərə cəlb edildiyinə dair məlumatlar yayılırdı. Bu ölkə vətəndaşlarının Ermənistanın o vaxt işğal altında saxladığı Azərbaycan bölgələrində yerləşdirildikləri də sirr deyil. Torpaqlar işğaldan təmizlənəndən sonra üçlüyün bu qanunsuz əməli də ifşa edildi. İndi də rəsmi Paris Azərbaycanla Ermənistan arasında yenidən vasitəçi olmaq istəyir. Halbuki, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyət göstərmişdi. Vasitəçi iddiasında olmaq istəyən Fransa erməni etnik qrupun Livanda Azərbaycan və Türkiyəyə qarşı törətdikləri qanunazid əməlləri heç vaxt tənqid etməyib. Halbuki, rəsmi Bakı ilə yaranmış soyuqluğu aradan qaldırmaq üçün belə bir açıqlama yerinə düşərdi.
Fransada HƏMAS-ı dəstəkləyənlərin aksiyası polis qüvvələri tərəfindən dağıdılıb.
Deməli, Livandakıların, Ermənistan və Fransanın əsas hədəfi Türkiyə və Azərbaycandır. Rəsmi İrəvanın çıxışları, Yelisey sarayının başçısı Emmanuel Makronun erməniləri yersiz müdafiəsi və Beyrutda “Hizbullah”ın gözü qabağında Azərbaycana, Türkiyəyə qarşı aksiyalar onların bir mərkəzdən idarə edildiklərini təsdiqləyir. Bu kimi əməlləri ilə Paris Livan və Ermənistandakı erməniləri uçuruma sürükləyir, onların qonşuları ilə sülh içində yaşamalarını əngəlləyir. Odur ki, düşmən hər yerdə eyni dildə, eyni xislətdədir. Onlar bu düşmənlik zəhərini dünya ermənilərinə yedizdirir, içirdirlər…
“Report” İnformasiya Agentliyi
www.102info.az