“Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Qırğızıstanın Bişkek şəhərində keçirilən Zirvə görüşündə iştirakdan imtina etməklə qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoydu”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, Paşinyan bu addımı öz havadarlarının təkidi ilə atıb:
“Necə olur ki, Paşinyan 6 saatlıq yolu qət edərək Qranada görüşünə gedir, lakin 2-3 saatlıq yolu olan Bişkekə getməkdən imtina edir?! Paşinyanın bu addımı nəyə görə atdığı hər kəsə bəllidir. Çünki Qranada görüşündə Ermənistanın havadarları, Fransa, Almaniya iştirak edirdi. Fransanın isə ermənipərəst mövqeyi hamıya yaxşı məlumdur. Paşinyan ümid edirdi ki, havadarlarının iştirakı ilə keçirilən görüşdə nəyəsə nail olacaq, lakin onun bu ümidi də puça çıxdı. Azərbaycan haqlı olaraq bu görüşə getməkdən imtina etdi, çünki ermənipərəst Fransanın ədalətli və səmimi vasitəçi olmadığı dəqiq məlumdur”.
Milli Məclisin üzvü bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməkdən imtina edib:
“Halbuki Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü gözlənilirdi. Proseslər göstərir ki, Ermənistan bu addımları məqsədli və planlaşdırılımış şəkildə atır və onun niyyəti öz havadarlarının təkidi ilə sülh prosesini ləngitməkdir. Bu onu göstərir ki, Paşinyan sülh prosesindən boyun qaçırır. Əgər Ermənistan həqiqətən sülh tərəfdarı olsaydı, dövlət başçılarının, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin iştirak etdiyi zirvə toplantısına qatılardı. Çünki Bişkekdə dövlət başçılarının iştirakı ilə Cənubi Qafqazda sülh prosesinin müzakirə ediləcəyi ehtimal olunurdu”.
“Ermənistan və havadarları hələ də anlamırlar ki, sülh prosesi hər kəsdən çox Ermənistana lazımdır. Bu gün Ermənistanın dərin sosial-iqtisadi böhrandan çıxmaq və dalan ölkə statusundan azad olmaq üçün yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıqdan keçir. Hansısa havadarın dəstəyi Ermənistanı hər gün daha da çətin vəziyyətə salır. Ermənistan bunu nə qədər tez anlasa bir o qədər onun üçün faydalı ola bilər”, – S.Hüseynova vurğulayıb.
www.102info.az