İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatlar keçirməsindən sonra bu ölkə ilə qonşu olan Misirdə etirazlar başlayıb. Nümayişçilər Qəzza zolağı ilə sərhədlərin açılmasını və qaçqınların Misirə buraxılmasını tələb edirlər. Rəsmi Qahirə isə bunu o qədər də istəmir, çünki yüzminlərlə qaçqının ortaya çıxması (Qəzzada təxminən 2,5 milyon insan yaşayır) Misir üçün ağır hərbi və siyasi nəticələrə səbəb ola, hətta ölkəni müharibəyə sürükləyə bilər.
Eyni zamanda, Misir və İsrailin kəşfiyyat xidmətlərinin kifayət qədər sıx əməkdaşlıq etdiyi də məlumdur. Hətta Misir kəşfiyyatının HƏMAS yaraqlılarının mümkün hücumu ilə bağlı İsrailə xəbərdarlıq etdiyi bildirilirdi. Bəs o zaman niyə bu xəbərdarlığa məhəl qoyulmayıb?
Oxu.Az-ın bu sualını cavablandıran misirli politoloq Amr Eldib qeyd edib ki, Misir ilə İsrail arasında 1978-ci ildə imzalanmış sülh sazişi var və bu saziş əsasında ölkələr arasında diplomatik münasibətlər qurulub.
– Kəşfiyyat xidmətləri arasında əməkdaşlığa gəlincə, həqiqətən də, bu əməkdaşlıq mövcuddur və kifayət qədər sıxdır, məlumat mübadiləsi üçün çoxlu mövzular var. Bu mübadiləyə, məsələn, Sinay yarımadası və Qəzza zolağındakı terrorçuların fəaliyyəti daxildir. Bu cür əməkdaşlıq və radikal düşüncəli insanlara qarşı mübarizə həm Misirə, həm də İsrailə faydalıdır. Digər qarşılıqlı fəaliyyət sahələri var, məsələn, Şərqi Aralıq dənizində və sair coğrafiyalarda.
Amma Misir kəşfiyyat xidmətlərinin İsraili xəbərdar etməsi (HƏMAS hücumu ilə bağlı – red.) xəbəri həqiqətə uyğun deyil. Belə bir şey olmayıb, hamı bunu təkzib etdi. Biz yaxşı başa düşürük ki, müharibə və hərbi əməliyyatlar zamanı həmişə informasiya çirkliliyi olur, görünür, bu məqam Misir hökumətinə qarşı istifadə olunub. Unutmaq olmaz ki, ölkəmizdə daxili siyasi və iqtisadi vəziyyət o qədər də sabit deyil.
Onu da vurğulamaq istəyirəm ki, İsrail kəşfiyyat xidmətlərinin HƏMAS-ın hücumunun başlanğıcı zamanı yol verdiyi uğursuzluqla bağlı məlumatlar çox şişirdilmişdi. İnformasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar qeyd edirlər ki, kəşfiyyat xidmətinin uğursuz fəaliyyətinə dair informasiya axını eyni vaxtda başladı. Bu da onu göstərir ki, kimlərsə pul verib, belə informasiyaları sifariş veriblər. Yeri gəlmişkən, İsrailin daxilində bütün cəmiyyətə öz təsirini buraxan ciddi daxili siyasi qarşıdurma var. Bir çox insan Baş nazir Benyamin Netanyahudan və onun həyata keçirmək istədiyi məhkəmə islahatlarından narazıdır. Netanyahu isə ordudan, kəşfiyyat xidmətindən narazıdır. Beləliklə, bir daha qeyd edim ki, İsrail kəşfiyyat xidmətlərinin uğursuzluğu ilə bağlı xəbərlər informasiya müharibəsi ilə bağlı ola bilər.
– İsrail xüsusi xidmət orqanlarının fəaliyyətinə dair dediklərinizlə razı deyiləm, uğursuzluqlar olub. Hər bir halda, 7 oktyabr hadisələri İsrailin özü üçün gözlənilməz oldu…
– Gəlin vəziyyəti daha detallı təhlil edək. HƏMAS hərbi texnikasını irəli çəkməyib, çünki hərəkatın belə bir texnikası ümumiyyətlə mövcud deyil. Axı hərbi aktivliyin sübutu tankların, zirehli transportyorların, mexanikləşdirilmiş birləşmələrin hərəkətidir. İsrail HƏMAS strukturlarının daxilində olan insan faktoruna bel bağlamalı olub. Amma ola bilsin ki, lazımi sayda İsrail agentləri artıq orada yox idi, ya onların kimliyi müəyyən edilib, ya da başqa bir hadisə baş verib.
Amma İsrailin özü kifayət qədər dəqiq və cəld reaksiya verdi, çünki bir neçə saat ərzində ərazi (HƏMAS yaraqlılarının sızdığı yerlər – red.) təmizləndi. Sonra isə böyük miqyasda Qəzza zolağının ənənəvi bombalanması başladı. Lakin hələ də quruda HƏMAS-la İsrail arasında toqquşmalar yoxdur. Mən İsrailin narahatlığını başa düşürəm, çünki şimaldan “Hizbullah” müdaxilə edə bilər və bu, real təhlükədir.
– Siz Misir daxilindəki siyasi gərginlikdən danışdınız. Qahirədə fələstinli qaçqınların ölkəyə keçə bilməsi üçün Qəzza zolağı ilə sərhədlərin açılmasını tələb edən insanların etiraz aksiyası keçirməsi barədə çoxlu məlumatlar var. Amma Misir hakimiyyəti, yeri gəlmişkən, İordaniya hakimiyyəti kimi, bunu istəmir. Niyə Qahirə və Əmman Qəzzadan olan fələstinliləri qəbul etmək istəmirlər?
– Sual çox məntiqlidir və onun da eyni dərəcədə məntiqli cavabı var. Dünyada elə bir ölkə yoxdur ki, öz ərazisində on, yaxud yüzminlərlə qaçqını görmək istəsin, hansı ki, gələcəkdə həmin insanlar bu dövlətlərə problem yarada bilərlər. Biz Qəzza sakinlərinə hörmət edirik, lakin qoy onlar yaşadıqları yerdə qalsınlar, İsraildən və ya onlara sərhədi keçmək göstərişini verən şəxslərin əmrinə qulaq asmasınlar. Bu qədər insanın Misir sərhədini keçməsi Misir və İsrail arasında olan sülh müqaviləsinin uğursuzluğu demək olacaq.
Yeri gəlmişkən, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Almaniya Kansleri Olaf Şoltsla görüşündə danışıb. Əl-Sisi açıq şəkildə bildirib ki, bu halda Misirlə İsrail arasında müharibə ehtimalı xeyli artır. Qəzza sakinləri Misirə, Sinaya tərəf yönəlsələr, həqiqətən də, hərbi toqquşma riski dəfələrlə artacaq. Misirdə etiraz aksiyaları təkcə Qəzza zolağı ilə sərhədlərin açılmasının zəruriliyi ilə bağlı şüarlar altında keçirilmir. İnsanlar hökumətin istefasını tələb edirlər və İsrailə müharibə elan olunmasında israrlıdırlar. Vəziyyət çox təhlükəlidir. Misir hakimiyyəti müharibə istəmir, lakin artıq səfərbərlik aparmağa məcburdur. Yeri gəlmişkən, Misirin səfərbərlik sistemi çox effektivdir və İsraildən geri qalmır.
– Əgər mən düzgün anlayıramsa, Misirdə çoxlu sayda fələstinli qaçqının (Qəzzada 2,5 milyona qədər insan yaşayır) peyda olması ictimai rəyi daha da qızışdıran amilə çevriləcək və İsraillə müharibəyə başlamaq tələbləri getdikcə daha da güclənəcək?
– Məhz dediyiniz kimidir və bu, artıq təkcə ictimai rəy məsələsi olmayacaq. Siyasi iradə işə düşə bilər. Sinay yarımadasının ərazisi bizim üçün böyük əhəmiyyət kəsb edir, orada çoxlu qan axıtmışıq. Buna görə də hakimiyyət və Misir ordusu qaçqınları oraya buraxmır, çünki bu, ölkənin təhlükəsizliyinə birbaşa təhdiddir.
– Yeri gəlmişkən, bu yaxınlarda Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağının əhalisini Sinaya buraxmaq əvəzinə, İsrailin Negev səhrasına köçürməyi təklif etmişdi…
– Bəli və bu, sarkazm idi, bir növ acı zarafat idi. O, İsrailə müraciət edərək bildirib ki, fələstinliləri Qəzzadan Misir səhrasına köçürmək planlarınız varsa, o zaman onları İsrailin Negev səhrasına yerləşdirmək olar, niyə bunun üçün Misir ərazisi seçilməlidir?
– Ərəb ölkələri ilə İsrailin münasibətləri haqqında nə düşünürsünüz? İsrail bir çox ərəb ölkələri ilə müqavilələr imzalamağa başlamışdı, bəs indi nə olacaq? Yeri gəlmişkən, İsrailin diplomatik missiyaları Misir də daxil olmaqla ərəb dövlətlərindən təxliyə edilir.
– Ərəb ölkələrinin liderləri – krallar, şeyxlər, prezidentlər İsraillə normallaşmanın davam etdirilməsini müdafiə etsələr belə, ərəb ölkələrinin əhalisi bunu dəstəkləməyəcək. İsrailliləri həmişə narahat edən ictimai rəy indi İsrailin tərəfində deyil (yumşaq desəm).
Məsələn, 120 milyon əhalisi olan ərəb islam dünyasının lideri Misiri götürək, bu ölkə əhalisinin əksəriyyəti gənclərdir. Sülh müqaviləsinin imzalanmasından 40 ildən çox vaxt keçsə də, misirlilər hələ də İsraili sevmirlər. Təbii ki, son gərginlik, artıq dediyim kimi, Qahirə və digər şəhərlərin küçələrində insanların radikallaşmasına və sərt tələblər irəli sürmələrinə səbəb oldu.
Hətta Misir ziyalıları və mədəniyyət xadimləri İsrailin qəti əleyhdarlarıdır. Siz, yəqin ki, Məhəmməd Salah adlı misirli futbolçunu tanıyırsınız. O, İsrail və Qəzzada yaşananlarla bağlı reaksiyasını gecikdirdiyi üçün bir neçə gün ərzində bir milyondan çox ərəb abunəçisi onu sosial şəbəkələrdə izləməyi dayandırıb. Ona görə də indi ərəb-İsrail münasibətlərində qlobal normallaşmanı unutmaq gərəkdir.
Nair Əliyev
www.102info.az