Məşhur türkiyəli aktyor Kənan İmirzalıoğlunun həyat yoldaşı, aktrisa Sinem Kobal qatıldığı “YouTube” proqramında səmimi açıqlamalar verib.
2016-cı ildə Kenan İmirzalıoğlu ilə ailə quran Sinem Kobal tanış olduqları anlardan və ərinə olan sevgisindən danışıb.
Uzun müddətdir ekranlardan uzaq olan 36 yaşlı aktrisa “İbrahim Səlimlə bu gecə” “YouTube” proqramına qonaq olub. Aparıcının – “Kənan İmirzalıoğlu ilə tanış olduğunuz anı xatırlayırsınızmı?” – sualına cavabında Kobal onu görən kimi aşiq olduğunu deyib.
“Heç unudarammı? Görən kimi aşiq olduğum bir insandır. İlk dəfə qarşılaşdığımız zaman, təbii ki, enerjisi ilə məni heyran qoymuşdu. Qolumdan tutub çəkdi deyə bilərəm. Mən də eləcə qaldım təbii ki”, – deyə Sinem Kobal bildirib.
Aktrisa, həmçinin evlilik haqqında fikirlərini də bölüşüb. “Məsələ əslində evlilik deyil. Məsələ həyatınızı birlikdə keçirmək istədiyiniz insanla yaşadıqlarınızla bağlıdır. Paylaşdığınız sevgi, hörmət və göstərdiyiniz səylər önəmlidir. Bunlara sahibsinizsə, evlilik də gözəlləşir, sevgililk də. Sırf evlənmək xatirinə evlənməyi düzgün hesab etmirəm. Bir-birini sevən iki ruh qarşılaşdıqları zaman evlilik də gözəl bir yola çıxmış olur. Bu, özünü daha güclü hiss etməyinə imkan verir. Evlilik və ailə anlayışı hər zaman öz dəyərini qoruyur”, – deyə aktrisa əlavə edib.
Sinem Kobal, həmçinin ekranlara geri dönməsi ilə bağlı da məlumat verib.
“Ekranda olmaq üçün çox darıxmışam. Yaxın zamanda dönmək istəyirəm, inşallah. Məni həyəcanlandıran bir şey var, amma dəqiq olanda açıqlayacağam”, – deyə o qeyd edib.
Mənbə: Haber Global
www.102info.az