Qlobal valyuta məzənnələrində ilk dəfədir ki, Çinin pul vahidi – yuan avronu üstələyib. Belə ki, Çin yuanı dollardan sonra ən çox istifadə edilən ikinci valyutaya çevrilib.
Yaranmış durum iqtisadçıların və analitiklərin diqqətini çəkərək, müzakirələrə səbəb olub.
Maraqlıdır, dünya iqtisadiyyatında nə baş verir? Çinin aparıcı qlobal gücə çevrilməsi haqqında proqnozlar artıq özünü doğruldur?
Bununla bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, son 30 ildə Çinin iqtisadi artımını müşahidə etsək, təxminən 10 faizə çatdığını görürük. Pandemiya dövründə isə bu göstərici 10 faizdən aşağı enmişdi. Ekspertin fikrincə, postpandemiya dövründə də Çinin iqtisadi artımında azalmalar nəzərə çarpıb:
“Bu, normal qəbul olunurdu. Kəmiyyət və keyfiyyət göstəricilərinə nəzər yetirdikdə prinsip etibarı ilə intensiv, dinamik inkişafdan söhbət gedirdi. Pandemiyadan öncəki iqtisadi artıma baxdıqda, ABŞ-də Donald Trampın rəhbərliyi dövründə Çinin müəyyən təzyiqlərlə, sanksiyalarla üzləşdiyini görürük. Buna baxmayaraq, D.Tramp Çinin valyutasının dəyər itirməsinə irad bildirirdi. Çünki iqtisadi qanunlara əsasən, ixrac edən ölkənin valyutasının məzənnəsi enməməlidir. Milli valyutanın məzənnəsi azalanda ixracat çoxalır, ona görə Tramp hesab edirdi ki, Çin qəsdən məzənnəni aşağı salır.
İndiki durum müəyyən bir sövdələşmə də ola bilər. Çin başa düşdü ki, məzənnənin qəsdən aşağı endirilməsi fəsadlara səbəb olacaq. Ayrı-ayrı ölkələrin onlara təzyiqləri arta bilər və bu baxımdan, məzənnə artırsa, bu heç də o demək deyil ki, Çində hər şey yaxşıdır. Görünür, Çin iqtisadi pul siyasəti yürüdür”.
Emin Qəribli qeyd edib ki, Çin uzun müddətdir qızıl alan ölkə idi, onu rezerv kimi saxlayırdı:
“Ona görə belə bir fikir yayılmışdı ki, gələcəkdə Çin öz pulunu rezerv valyutaya çevirməyi hədəfləyib. Çinin dövriyyəyə elektron yuan buraxmasına dair danışıqlar aparılırdı. Elektron yuan ilk dəfə Olimpiya Oyunları zamanı istifadə edilmişdi. Görünür, Çin təzyiqləri artırmaq istəmir, məzənnəni müəyyən dərəcədə stabil saxlayaraq, inkişaf etmiş ölkələrin xoşuna gəlməsinə çalışır. Bundan sonrakı addım öz valyutasının rezervə çevrilməsi ola bilər.
Müxtəlif iqtisadi nəzəriyyələri də proseslərin fonunda qeyd etmək olar. Hər əsrin bir iqtisadi lideri olub. Amerika Birləşmiş Ştatları, ondan öncə Britaniya idi, əvvəl Hollandiya (indiki Niderland) lider idi. İndi isə bəzi iqtisadçılar hesab edirlər ki, 2040-cı ildən sonra Çin iqtisadiyyatı lider iqtisadiyyata çevriləcək və proses artıq başlayır. İstənilən halda, bunu qətiyyətlə söyləmək tezdir.
ABŞ və Avropa texnologiyanın inkişafında, yeni icadların dünya bazarına çıxarılmasında, fundamental elmin tərəqqisində monopoliyanı saxlayır, bu mövqeyi əldən vermək istəmirlər. Ona görə hesab edirəm ki, Çinin dünya iqtisadiyyatında lider mövqeyindən danışmaq hələ tezdir”.
Aysel Aslan
www.102info.az