Spiker Sahibə Qafarovanın başçılığı ilə Milli Məclisin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.
Milli Məclisdən bildirilib ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan nümayəndə heyətini salamlayaraq, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışaraq, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib. O, ölkələrimizin parlamentləri arasında da möhkəm əməkdaşlığın mövcud olduğunu deyərək, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini vurğulayıb. Dostluq qrupunun rəhbəri Milli Məclisin sədri Sahibə Qafarovanın bu səfərinin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını söyləyib. Qeyd edib ki, qardaşlıq və dostluq münasibətlərimiz günbəgün möhkəmlənir və genişlənir. O, həmçinin, qanunverici orqanlarımızın da iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyini qeyd edərək bu istiqamətdə görülən işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Cavanşir Paşazadə, Ağalar Vəliyev, Fazil Mustafa, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Kemal Çelik, Cantürk Alagöz, Orhan Erdem, Mehmet Şahin, Uğur Bayraktutan qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.
www.102info.az