Hitler Qandinin məktubuna əməl etsəydi…

Dünya


Qan Turalı yazır…

Hüseyn Cavidin “Peyğəmbər” pyesində yazdığı misralar bu günün reallığında necə də parlaq görünür: “Kəssə hər kim tökülən qan izini; Qurtaran dahi odur yer üzünü”. Ancaq bu o qədər asandırmı? 

Bəşəriyyətin sülh axtarışları uzun və mürəkkəb olduğu qədər həm də səmərəsizdirmi? Dəhşətli müharibə görüntüləri qarşısında dünya birliyinin hələ də adekvat davranmadığı göz qarşısındadır. Bütün bunlar bizi bir sualla qarşı-qarşıya qoyur: “Cahanda kamal hələ də qalib gəlməyib?”

Bu sualın izi ilə gedərkən bir məktub qarşımıza çıxır. Dünyanın ən mötədil insanı, siyasətçisi kimdir deyə özümüzə sual versək onun adı Mahatma Qandi olacaq. Qeyri-zorakı mübarizə metodları ilə vətəni Hindistanı amansız ingilis müstəmləkəsindən xilas edərək ona azadlıq bəxş edən Mahatma Qandi… Hərçənd onun özü də radikalların təşkil etdiyi sui-qəsdlə öldürüləcəkdi… 

XX əsrin ən qanlı siyasətçisi də heç şübhəsiz ki, Adolf Hitlerdir. Onun adı gəldikdə belə mütərəqqi dünya təşvişə düşür, onu lənətləyir. 

Söhbət isə Qandinin Hitlerə yazdığı bir məktubdan gedir. Məktub 1939-cu ilin 23 iyulunda qələmə alınmışdı. Yəni, Cahan müharibəsinin başlamasından 5 həftə əvvəl… 

Mahatma Qandinin məktubunda yazırdı: “Əziz dostum. Dostlarım bəşəriyyətin xilası naminə sənə məktub yazmağım üçün təkid edirlər. Ancaq mən bu məktubun təkəbbür əlaməti olacağını düşünərək təkidli xahişlərə müqavimət göstərdim. Ürəyimdən gələn səs isə sizə xəbərdarlıq  etməyimi vadar edir. Bəşər övladının vəhşi təbiətini ortaya çıxardacaq dəhşətli bir müharibənin qarşısını ala biləcək yeganə insan sizsiniz. Əvəzində nə qazansanız belə müharibənin məsuliyyətinin üzərinizdə olması sizə rəvadırmı? Müharibədən hər vəchlə uzaq dayanan bir şəxs kimi mənim sözlərimi eşidərsinizmi? Bu sözləri sizə yazmaqla həddimi aşdımsa məni bağışlayın”.

Hitlerin məktubu oxuyub-oxumadığı, oxuduğu halda nə cavab verdiyi hələ də müəyyən edilməmişdir. Ya da belə deyək: Hitlerin məktubu oxuyub-oxumamağı dəqiq bilinməsə də Hitlerin Cahan hərbini başlatması, Almaniyaya acınacaqlı bir məğlubiyyətə, özünü isə intihara düçar etdiyi hamıya məlumdur. 

Mahatma Qandi 1948-ci ildə öldürüldü. İndi onun vətənində hakim partiya olan Hindistan Xalq Partiyasının deputatı Qandinin qatilini “vətənsevər” adlandırır. Ölkənin baş naziri də bu partiyadandır. Bəşəriyyətin Mahatma Qandi ideallarını yaşatması bir yana dursun, hətta Qandinin ideyaları öz ölkəsinin siyasi rəhbərliyi tərəfindən arxa plana atılır. Elə Azərbaycana münasibətdə də Hindistanın mövqeyi də aşkar şəkildə Qandi ideallarının inkarı deyilmi? Bu ölkə Ermənistana silah tədarük edir. Doğrudanmı, bəşəriyyət irəliyə doğru bir addım belə atmayıb, müdrikləşməyib?

Ya da Almaniyada bir zamanlar Hitlerin kreslosunda oturmuş şəxsin Azərbaycana münasibəti… Bütün bunlar bəşəriyyətin hələ də yetkinləşmədiyini göstərmirmi? 

Əlbəttə ki, sülh sözlə düzəlmir. Sülhü dayanıqlı edən vasitələr gərəkdir. Sülhün bərqərar olması isə təkcə silahlarla mümkün deyil. Bəşəriyyətin sülhü tələb edəcək mənəvi yetkinliyə çatması gərəkdir. Qandinin məktubu isə cılız bir cəhd olsa belə həqiqət yolunda mühüm bir addım idi. 

Qandilərin və Hitlerin mübarizəsində isə qələbənin kimin tərəfində olduğu çox aydındır. Bu gün Hitlerin adı müharibə, Qandinin adı isə sülhlə anılır. Bəli, gec olsa da bəşər övladı həqiqəti dərk edir. Acaq o zamana qədər isə qurbanlar verilir, bütöv xalqlar məşəqqət və sarsıntılar yaşayır. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir