Azərbaycan müxtəlif zamanlarda Fələstin xalqına yardımlar edib. Hazırda İsrail-Fələstin münaqişəsi hərbi toqquşmalarla davam edir. İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmiz Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir.
Azərbaycanın yardımları və sonuncu hadisələrdə mövqeyinə rəğmən, Fələstin Ermənistanla əlaqələrini genişləndirir, erməni terrorçuları öz ərazisində himayə edir və bununla bağlı məlumatlar kifayət qədərdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Fələstin xalqına hər zaman bir müsəlman, Şərq xalqı kimi kömək edir:
“Müstəqil dövləti uğrunda mübarizə aparan xalqa maddi yardım edir və bunu daim davam etdirəcək. Amma biz terrorçu ilə sadə xalqı ayıra bilirik. Heç bir zaman terrorçu, erməni millətinə dəstək verənlərlə bir yerdə ola bilmərik. Çünki biz xalq olaraq terrordan əziyyət çəkmişik”.
“Hesab edirik ki, Fələstin xalqının içində erməni milləti ilə dostluq edənlər olduğu kimi, Azərbaycanın haqq işini müdafiə edənlər, əlaqələrimizi yüksək qiymətləndirənlər də çoxdur”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, HƏMAS-la İsrail arasındakı genişmiqyaslı hərbi toqquşmalar oktyabrın 7-də başlayıb.
İlhamə Əbülfət
www.102info.az