Mikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə təqdim olunacaq. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.
Qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə çəkilib.
1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.
Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ “kataloquna” bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu yaradıb. Bəzi təsvirlər Sikstin kapellasının və Mediçi ailəsinin məzarının fiqurlarını xatırladır. Bir fiqur isə David heykəlinə bənzəyir.
Onu da əlavə edək ki, Mikelancelo sonda əfv olunub və onun ölüm hökmü ləğv edilib. O, 1534-cü ildə Florensiyadan Romaya gedib.
Mikelancelo Buonarrotinin rəsmləri olan otaq əvvəllər yalnız sənət tarixçiləri üçün nəzərdə tutulsa da, noyabrın 15-dən geniş ictimaiyyətə açılacaq.
Mənbə: mir24
www.102info.az