Kubra Məhərrəmova yazır…
ABŞ-nin dünyanın o başında oturub, bu başına ağıl verməsi gülünc olduğu qədər də, iyrənc, ürəkbulandıran və murdardır.
Bu günə kimi ABŞ hara əlini uzadıbsa, o yerdə mütləq müharibə, aclıq, səfalət hökm sürüb, minlərlə insan məhv edilib. Suriya, Livan, Əfqanıstan, İraq və s. Nəticə isə göz önündədir. ABŞ özünü dünya hakimi bilsə də, elə yerlər var ki, oraya müdaxilə etməsə daha yaxşı olar. Məsələn elə Cənubi Qafqaza.
Qafqazın yaşı da, müdrikliyi də ABŞ-dən qat-qat artıqdır. Yəni, burada yaşayanlar nəyin düz, nəyin də əyri olduğunu Co Baydendən daha yaxşı bilirlər. Yeri gəlmişkən, gündə bir dəfə yerə yıxılmağı özünə borc bilən ABŞ-nin ölkə başçısı sanki paralel dünyada yaşayır. Reallığı qəbul edə bilməməsi onu həm öz ölkəsində, həm də digər ölkələrdə gülünc obyektinə çevirib.
Bəs, görəsən ABŞ dərin dövləti bunu qəsdən edib?
Yoxsa bu halı gözümüzə soxmaqla “biz demokratiyanın beşiyiyik” deyə özünə xal yığır?
Nə olursa olsun, ABŞ-nin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi və ya ağıl verməsi ikrah doğurur.
30 il Azərbaycanın ərazisi Ermənistanın işğalı altında olarkən, bir milyondan artıq qaçqın və məcburi köçkün olarkən nədənsə nə Avropa İttifaqı, nə də ABŞ bu barədə “narahatlıq” ifadə etdi.
Bu gün isə Qarabağ iqtisadi ərazisindən öz xoşu ilə gedən Ermənistan və Rusiya vətəndaşlarının gələcək həyatı üçün çox bərk, hətta deyərdim olduqca bərk narahat olması barədə bəyanatlar səngimir. Hörmətli Co əmi, onların pasportlarını görmüsənmi? Oradan gedənlərin kim olmasını bilirsənmi?
Təbii ki, gözlərin zəif görsə də həqiqəti bilirsən.
Azərbaycana 30 il ərzində göstərilən təzyiqi isə biz bilirik. Hər növ danışıqların keçirilməsi zamanı “bu münaqişənin hərb yolu ilə həlli yoxdur!” deyərək, bizi bu yalana öyrətməyə çalışdınız, amma biz gördük və əmin olduq ki, münaqişənin həlli yolu elə hərbdir, gücdür!
Məsələ həll olunub, bitib. Bu gün yeni manipulyasiya formaları ilə Azərbaycana təzyiq göstərməkdənsə, ayağının altına baxmaq daha faydalı olar. Elə hər mənada. Birincisi yıxılmamaq üçün, ikinci də elə öz ölkəndə baş verənləri görüb anlamaq üçün. Elə bu gün Pentaqon bildirib ki, ABŞ və Çinin hərbi rəhbərliyi arasında dialoqa ehtiyacı var.
Həmçinin məlum olub ki, ABŞ Çinlə hərbi əlaqələrin bərpasında həddindən artıq maraqlıdır. Əcəba dünyanın hakimi olan ABŞ niyə birdən Çinin pişvazına çıxıb? Niyə Çinlə mehribanlaşmaq istəyir? Bəlkə, yıxa bilmədiyin əli, sıxmaq siyasətini həyata keçirir?
İkinci vacib məqam, ABŞ Ukraynaya hərbi yardımın azalacağı barədə siqnallar verməyə başlayır. Bunu birbaşa deməsə də, saman altından su yeridən kimi hədəfə çatdırır.
Çünki Bayden administrasiyası bunu birbaşa dilinə gətirməsə də, pərdə arxasından eşidiləcək qədər yüksək səslə deyir ki, “Rusiya Ukrayna müharibəsi dalana dirənib”. Bu halda isə hərbi yardımın göndərilməsi barədə bir daha düşünməliyik.
Elə ABŞ-nin bu ritorikasına Avropa İttifaqı da sanki səs verir. Açığı Gürcüstanda baş verənlərdən sonra kollektiv Qərbin və ABŞ-nin gözlənilməz manevr etməsi təəccüblü gəlmədi. Saakaşvili isə bütün baş verənlərə canlı şahiddir, amma həbsxanada.
Ümid edək ki, Gürcüstandan fərqli olaraq Ukraynanın verdiyi qurbanlar hədər getməyəcək və ölkə ərazi bütövlüyünü bərpa edə biləcək.
Hər zaman müttəfiqlərini yarı yolda qoyan ABŞ həqiqətən də düşünür ki, Cənubi Qafqazda söz və yer sahibi olacaq? Görəsən o boyda ABŞ miqyasca balaca olan Qafqaza niyə soxulmaq istəyir?
Niyə öz siyasətinin burada bərqərar olunmasında bu qədər inadkardır?
Diqqət etsəniz görərsiniz ki, ABŞ Azərbaycanda yumşaq güclə iş görməkdə israrlıdır. Bu LGTB, seksual azlıqlar və s. kimi halların təbliğatı və tərənnümü üzərində qurulur. Bəli, insanlar fərqlidir, lakin bu siyasi predmet ola bilməz!
Kim, harada, necə və hansı məqsədlə iş görürsə, bu onun şəxsi məsələsidir. Yox, əgər bu bütün bir ölkəyə, onun siyasi müstəvisinə sirayət edirsə, o zaman mən də dillənim.
Belə ki, ABŞ-də növbəti insan hüquqlarının tapdanması faktı baş verib.
Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) ABŞ-nin Ali Məhkəməsinə müraciət edib ki, transgender uşaqlara hormonal preparatların qəbulunu 16 yaşa endirsin. Çünki 18 yaşa qədər bu prosedurları qadağan edən ştatlar insan hüquqlarını əzir, pozur, özünü transgender hesab edənlərin hüququna müdaxilə edir.
Hazırda ABŞ-nin 22 ştatında yetkinlik yaşına çatmayanlara hormonların qəbulu və cinsin dəyişdirilməsini qadağan edən qanunlar qüvvədədir.
Vətəndaş Azadlıqları Birliyi (ACLU) isə düşünür ki, uşaqlar öz cinslərini seçməkdə azaddırlar. Kim özünü necə hiss edirsə, elə də olmalıdır. Və heç bir qanun onlara cinslərini dəyişmək üçün hormonal preparatların qəbulunu və ya cinsin dəyişdirilməsi üçün edilən cərrahi əməliyyatları qadağa edə bilməz.
Madam ki, ABŞ insan hüquqlarını müdafiə edən ölkədir, o zaman niyə icazə vermir?
Niyə öz ölkəsində insanların yaşamına mane olur?
Deməli ki, məsələ yorğan davasıdır.
www.102info.az