Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi obyektiv səbəblərdən dayandırılıb. Mövcud üç platformadan heç biri fəaliyyət göstərmir. ABŞ İsraillə HƏMAS arasında müharibə ilə məşğuldur, Brüssel və Paris açıq şəkildə ermənipərəst mövqe tutaraq Avropa platformasını uğurla nüfuzdan salıb. Bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borrel noyabrın 13-də verdiyi açıqlamalarla bir daha təsdiqləyib. İndi yalnız müntəzəm, lakin uğursuz şəkildə vasitəçilik xidmətlərini təklif edən Moskva qalır. Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiya rəhbərliyi ilə istənilən formatda (MDB, KTMT) görüşmək istəməməsini açıq şəkildə nümayiş etdirir. Bununla yanaşı, Ermənistan ərazisindəki Zəngəzur dəhlizinə nəzarət məsələsi ilə bağlı İrəvanla Moskva arasında gərginlik yaranıb. 10 noyabr 2020-ci il tarixli bəyanata görə, bunu Rusiya həyata keçirməlidir. Erməni tərəfi buna etiraz edir.
Mövcud vəziyyəti Oxu.Az-a məşhur rusiyalı jurnalist, siyasi şərhçi Aleksandr Budberq şərh edib.
Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən dəhliz ilə bağlı Ermənistanda bir növ isteriya hökm sürür. Onlar bu nəqliyyat kommunikasiyasının yalnız Azərbaycan və Türkiyəyə sərf etdiyini bildirirlər. Eyni zamanda, Bakı bu yolu İrandan keçirməyə hazırdır, Tehran isə, əlbəttə ki, buna şad olar. Amma İrəvanda hansısa “erməni dünya qovşağı” formulunu təklif edirlər. Heç bir yolun keçmədiyi bu “qovşaq” dünyanın ən ölü nöqtəsidir.
Buna münasibətini bildirən A.Budberq bu fikri təsdiqləyib və qeyd edib ki, bir yerdə ticarət yolları yoxdursa, deməli, bu yol qovşaq deyil, dalandır. O, həmçinin Ermənistanın özünü dünya qovşağı hesab edib, lakin ərazisindən bir qonşudan digərinə nəqliyyat marşrutlarına icazə vermək istəməməklə uşaq mövqeyində olduğunu nümayiş etdirdiyini vurğulayıb. O, İranın Ermənistan tərəfi ilə hər hansı daxili danışıqlarda bəzi mümkün bəyanatlara baxmayaraq, həqiqətən də bu dəhlizi daimi olaraq əldə etmək və ondan pul qazanmaq istədiyini bildirib.
“Mən Ermənistanın niyə bundan imtina etmək istədiyini başa düşə bilmirəm. Görünür, bu, pafoslu, təmtəraqlı sözlərin təzyiqinə çox güclü məruz qalan və praktik həll yollarına az bağlı olan erməni milli siyasi sisteminin bəzi xüsusiyyətləridir”, – deyə o əlavə edib.
Jurnalistin fikrincə, Qarabağ erməniləri faktoru Ermənistanın daxili vəziyyətini o qədər də radikallaşdırmır və “böyük Ermənistan” Qarabağ ermənilərinin problemlərinin deyil, öz problemlərinin həllində maraqlıdır. O qeyd edib ki, Qarabağ ermənilərinin əksəriyyəti bir müddətdən sonra ya Rusiyaya, ya ABŞ-yə, ya da başqa bir yerə köçəcəklər.
Artıq 30 minə yaxın Qarabağ ermənisinin Ermənistanı tərk etməsi barədə bu ölkənin ictimai səhifələrində məlumatlar yayılmasına münasibətini bildirən siyasi şərhçi deyib ki, onların Ermənistanda birbaşa mövcudluğu vəziyyəti o qədər də radikallaşdırmayacaq. A.Budberq Ermənistanda müəyyən qüvvələrin Paşinyana təzyiq göstərmək üçün onlardan simvol, hədə-qorxu aləti kimi istifadə edə biləcəklərini də ehtimal edib.
“Qeyd etmək istərdim ki, baş nazir Paşinyan Rusiya ilə müttəfiqliyi heç nə ilə əvəz etmədən Ermənistan onu tərk edə bilməz. Ümumiyyətlə, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası başa çatdıqdan və dəhlizlərlə bağlı vəziyyət həll olunduqdan sonra belə, Fransa bazalarının Ermənistan ərazisində olmasını təsəvvür edə bilmirəm. Əgər Qərb qoşunları Ermənistan Respublikasında olarsa, Ermənistanla İran arasında normal qarşılıqlı əlaqəni təsəvvür edə bilmirəm.
Amma erməni tərəfində qəribə bir fikir var ki, əgər Rusiyanın köməyi ilə problemləri həll etmək mümkün olmayıbsa, demək başqa kimsə gələcək və ondan sonra hər şey yoluna düşəcək. Bu, qeyri-müstəqil mövqedir və uzun müddət davam edəcəyinə inanmıram. Ümumiyyətlə, Azərbaycanla birbaşa dialoqa başlamaq və razılığa gəlmək Ermənistanın maraqlarına daha uyğun olardı. Lakin indi Nikol Paşinyana daxili siyasi anlayış baxımından, Ermənistana gəlib Rusiyanı əvəz edəcək hər hansı bir müttəfiqini göstərmək lazımdır”, – deyə Budberq söhbətini yekunlaşdırıb.
Nair Əliyev
www.102info.az