Co baba

Dünya


Kubra Məhərrəmova yazır…

O xal nə xaldır, qoşa düzdürmüsən, de görüm, nə xaldır, qoşa düzdürmüsən?..

Qəribədir, səhərdən məhz bu mahnı beynimdə səslənir. Öz-özümə deyirəm ki, görəsən, bu mahnı haradan düşdü beynimə? Hələ arada zümzümə də edirəm.

Elə bunu düşünürdüm ki, bir də gördüm, İrəvandan çox maraqlı xəbər gəlib.

Daha doğrusu, xəbər ABŞ-dən gəlib, amma birbaşa İrəvanla bağlıdır.

Məsələ odur ki, çox etibarlı mənbələrdən “Caliber”ə məlumat daxil olub ki, bəs Azərbaycanın tarixi torpaqlarında yaşayan ermənilərin təzə sevgilisi peyda olub. Düzdür, xalq arasında buna başqa ad verirlər, amma biz məcburuq ki, yumşaq olaraq “sevgili” deyək.

Deməli, bu, Ermənistan siyasi elitasının bizim gördüyümüz dördüncü sevgilisidir. Birinci Rusiya idi, sonra Fransa oldu, arada İranla qısa eşq hekayəsi yaşandı, indi də ABŞ. Arada olanlar isə xırda-para münasibətlər olub deyə siyahıya almırıq.

Sadəcə, maraqlıdır ki, bu an üçün başı Rusiya-Ukrayna və Fələstin-İsrail müharibəsinə qarışan, bəlkə də, bu münaqişələrdə birbaşa katalizator olan ABŞ niyə birdən üstünə yeni yük götürsün?

Ermənistanın yükü isə heç də az deyil. İqtisadi və hərbi cəhətdən başdan-ayağa Rusiyaya tabe olan Ermənistana niyə birdən yeni elçi çıxsın? Özü də okeanın o tayında olan Co baba.

Bayden administrasiyasının ermənipərəst olması heç kim üçün yeni xəbər deyil, amma bu münasibətlərin niyə indi belə maya qatılmış kimi şişməsi sual yaradır.

Niyə indi və burada?

Bu məsələyə keçməmişdən əvvəl diqqətinizə çatdırım ki, İrəvanla Vaşinqton arasında əldə edilən razılaşmaya əsasən, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq edərsə, ABŞ Ermənistana aşağıdakı sahələrdə güclü dəstək verəcək:

1. Ermənistanın dizel yanacağı və lazımi enerjidaşıyıcılarla təmin edilməsi.

2. “Metsamor” Atom Elektrik Stansiyasının Rusiyadan alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda bu təminata “Rosatom” cavabdehdir). Birləşmiş Ştatlar, həmçinin, AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi.

4. Ehtiyac yaranacağı təqdirdə, Ermənistanın internet provayderləri ABŞ-nin peyk interneti ilə təmin olunacaqlar.

5. Rusiyanın mümkün kəskin sanksiyaları nəticəsində xarici valyuta kəsiri yaranarsa, Birləşmiş Ştatlar Ermənistanda valyutanın mümkün defisitini qarşılamağa hazırdır.

6. Ermənistan ordusu lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, Ermənistanın təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq. Birləşmiş Ştatlar tərəfi zəmanət verir ki, bütün yuxarıda göstərilmiş bəndlər üzrə, hətta artıqlaması ilə İrəvan rəsmi Vaşinqtondan dəstək alacaq.

Aha. Bəs Vaşinqton sülh danışıqlarının aparılmasında flaqman rolunu oynamaq niyyətində idi? İndi də Ermənistana silah-sursat göndərir?

Ermənistanın təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq deməklə rəsmi Vaşinqton nəyə işarə edir? Paşinyanın devriləcəyi təqdirdə onu qoruyacaq qüvvələrin daha güclü olması üçünmü? Yoxsa Vaşinqtonun başqa planı var Paşinyan üçün?

Yəqin ki, ABŞ uzun illərdir Ermənistan ərazisində olan Rusiya hərbi hissələrinin varlığını unutmayıb. ABŞ necə əmin ola bilər ki, Ermənistana göndərəcəyi silahlar Rusiyanın nəzarətinə keçməyəcək? Oradan da Ukrayna müharibəsinə. Məntiqlidir? Bəli.

Ermənistan internetinin birbaşa ABŞ peyklərinə qoşulmasını necə dəyərləndirək bəs?

Yadınıza gəlirsə, 2021-ci ildə Cənubi Qafqaz ölkələrinə internet ötürən “Caucasus online” şirkətinin qalan 51 faizlik səhmini məhz (daha əvvəl 49 faizi alınmışdı) azərbaycanlı biznesmen Nəsib Həsənovun alması barədə xəbər çıxan kimi bu, Ermənistanda böyük təşvişə səbəb olmuşdu. Bütün Ermənistan birdən anladı ki, ölkələrinin 85 faiz, Gürcüstanın isə 55 faiz internet ehtiyacını təmin edən “Caucasus Online” şirkətinin rəhbəri azərbaycanlıdır. Və bir sıra ekspertlər qeyd etdilər ki, bu hal Ermənistan üçün ciddi təhdiddir, informasiya təhlükəsizliyinə ciddi problemdir.

Hətta buna görə Paşinyanı tənqid edən bir sıra erməni deputatlar da qeyd etdilər ki, Paşinyanın ağlı olsaydı, o da belə strateji şirkətlər alardı.

İndi belə çıxır ki, internet məsələsini də ABŞ həll etmək istəyir.

İndi keçək Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasına. Heç kimə sirr deyil ki, bu strateji obyekt az qala dağılmaq üzrədir. Köhnəlib və hər an orada qəza baş verə, bu isə öz növbəsində bütün region üçün böyük fəsadlar yarada bilər. Dəfələrlə onun bağlanması üçün Azərbaycan tərəfindən dünya birliyinə müraciət olunsa da, hər zaman olduğu kimi, bu, heç kimin vecinə deyil. Və günlərin bir günü büdrəyə-büdrəyə gəzən Co baba qərar verir ki, AES-ə də dəstək olacaq. ABŞ Cənubi Qafqazda yeni nüvə poliqonu açmaq istəyir, yoxsa Rusiyanın qulağının dibində yeni münaqişə obyekti qurur? Amalı nədir?

Növbəti məqam – buğda və unu, həmçinin valyutanı da Rusiyadan alan Ermənistana ABŞ söz verir ki, “mənim balam, narahat olma, çörəyini də mən göndərəcəyəm, dollarını da”.

Bu isə artıq tam təminat deməkdir. Hərbi, iqtisadi, siyasi təminat.

Sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqların bu dərəcədə ciddi dövründə ABŞ-nin belə manevr etməsi çox maraqlıdır. Anlaşılan odur ki, ABŞ regionda sülhü deyil, müharibəni dəstəkləyir. Revanşist qüvvələrə mesaj göndərir ki, ən son nəsil silahlar, internet təminatı, ərzaq və s. göndəriləcək.

Digər tərəfdən də, Co baba açıq mətnlə deyir ki, “əziz Paşinyan, sən Rusiyanı burax, mənə gəl”.

Amma Paşinyanın ağlı olsa, çox uzağa yox, elə qonşu Gürcüstanda baş verənlərə baxıb, nəticə çıxarar. Saakaşviliyə verilən vədlər haradadır? Haradadır “Mişa, biz sənin arxandayıq” deyən adamlar?

Bu gün Mişanın arxasında da, önündə də ancaq və ancaq dəmir barmaqlıqlar var. Mişanı elə ən yaxın müttəfiqi ABŞ satdı.

İndi isə sual olunur: ABŞ Ermənistanı neçə gümüş sikkəyə satacaq?

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir