Noyabrın 15-də Moldova Respublikasının Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) direktoru Dumitru Pinteanın başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkonun da iştirak etdiyi görüşdə İZİA İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud biznes imkanları, investisiya mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.
Görüş çərçivəsində ODA ilə İZİA arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə biznes layihələrinin reallaşdırılması, hər iki ölkənin sənaye zonalarında fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib. Moldovalı iş adamları sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət ediliblər.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.
www.102info.az