Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra həbs olunanların sayı 17 nəfərə çatıb. Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva onlara qarşı orta hesabla iki aya yaxın müddətə həbs qətimkan tədbiri seçildiyini bildirib.
“Dağıstan Respublikasının Ali Məhkəməsinə Mahaçqalada baş vermiş kütləvi iğtişaşlardan sonra başlanmış cinayət işi çərçivəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən 17 yerli sakinə qarşı təzyiqlərlə bağlı 17 apellyasiya materialı daxil olub. Təqsirləndirilən şəxslər barəsində orta hesabla 1 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilib”, – deyə Mamayeva qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları oradan çıxarıblar. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni pisləyib və bunu təxribatla əlaqələndiriblər. Oktyabrın 30-da hava limanı fəaliyyətini bərpa edib.
Mənbə: TASS
www.102info.az