Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində türkoloq alim, nəsimişünas, Qafqaz regionunun tədqiqatçısı, Almaniyanın Gizen Universitetinin dosenti Dr. Mixael Reynhard Hessin müəllifi olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, siyasi elmlər doktoru Qurban Ələkbərovun moderatorluğu ilə keçirilən tədbirdə Berlin, Ştutqart, Köln şəhərlərində yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və alman alimlər iştirak ediblər.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, bu nəşr Avropada Şuşanın tarixi və mədəni irsi haqqında yüksək səviyyədə yazılmış ilk kitabdır. Onun sözlərinə görə, nəşr Azərbaycan tarixinin və mədəniyyətinin Avropada öyrənilməsində çox böyük rol oynayacaq. Alimə təşəkkür edən səfir əlavə edib ki, Hess nəinki Avropada, ümumiyyətlə, Qərbdə Azərbaycan dilini yüksək səviyyədə bilən yeganə alimdir.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində iştirak edən soydaşlarımıza və alman dostlarımıza minnətdarlığını bildirib. Hessin ölkəmizlə əlaqələrinin yaranmasından danışıb və alimin ingilis, alman dillərində nəşr olunan kitabında əsaslandırılmış, təkzibolunmaz tarixi faktların və elmi fikirlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, bu kitablar Avropa cəmiyyətinin Azərbaycan həqiqətləri haqqında məlumatlandırılmasında çox ciddi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, komitə Azərbaycan həqiqətlərinin dünyada geniş yayılması işini davam etdirir və bu baxımdan Azərbaycan tarixini olduğu kimi əks etdirən “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının müxtəlif ölkələrdə təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə hazırlanmış “Şuşanın tarixi” (“History of Shusha”) adlı filmin nümayişi ilə davam edib.
Dr. M.R.Hess çıxışında kitabın yaranma ideyasından danışıb, əsas məqsədinin Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini oxucuların diqqətinə çatdırmaq olduğunu qeyd edib.
Tədbirdə çıxış edən İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev, alman professor Hartviq Şults, alman publisist Mattias Volf müəllifi bu mühüm mədəni hadisə münasibətilə təbrik edib və xoş arzularını bildiriblər.
www.102info.az