“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar qalmalı və çox çalışmaqda davam etməliyik”.
“Report” xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Almaniyada keçiriləcək final mərhələsinə qədər üstün cəhətlərini təkmilləşdirmək istədiklərini bildirib:
“Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.
Çalışdırıcı qarşılaşmada pokerin müəllifi olan hücumçu Romelu Lukakunu da tərifləyib:
“Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.
Qeyd edək ki, Belçika yığması F qrupunda 20 xalla birinci yeri tutub. Azərbaycan millisi isə yeddi xalla qrupu 4-cü pillədə tamamlayıb.
www.102info.az