“İslandiyada baş verən son zəlzələlərdən sonra Faqradalsfyall vulkanının gözlənilən püskürməsi Türkiyəyə də təsir edə bilər”.
Bunu türkiyəli mütəxəssis, Meteorologiya Mühəndisləri Palatasının baş katibi Emel Ünal bildirib.
Emel Ünal bu partlayışın şiddətindən asılı olaraq dünyanı təsir altına ala biləcəyini deyib.
İslandiyadakı Faqradalsfyall vulkanı ətrafında baş verən zəlzələlərdən sonra vulkanik fəaliyyətlərlə bağlı narahatlıqlar səbəbilə fövqəladə vəziyyət elan edilib. İslandiya Meteorologiya İdarəsi də Reykyanes yarımadasında vulkan püskürməsi ehtimalının yüksək olduğunu nəzərə çatdırıb.
Emel Ünal vulkanların dünyanın tarazlıq nöqtələri olduğunu və 20-ci əsrdə baş verən iki böyük partlayışın atmosferə təsir etdiyini, nəticədə dünyada soyumanın müşahidə edildiyini qeyd edib.
“Araşdırdığımız zaman partlayış və püskürmələrin müxtəlif effektlərini görə bilərik. Bu, bəzən yağıntıların artması, bəzi hallarda külək vasitəsilə çox uzaq məsafələrə yayılması, havanın çirklənməsi ilə müşayiət oluna bilər. Əgər vulkana yaxın ərazidirsə, hava şəraitinə görə uçuşların ləğv edilməsi kimi təsirləri ola bilər”, – deyə Ünal bildirib.
Mütəxəssisin sözlərinə görə, iqlim dəyişikliklərində vulkanik püskürmələrin az da olsa təsirini görmək mümkündür.
Emel Ünal 2010-cu ildə Avropada vulkan püskürməsi nəticəsində yaranan kül buludları səbəbilə uçuşların dayandırıldığını xatırladıb. O, belə bir vəziyyətdə əlverişsiz hava məkanı şərtlərinin Türkiyəyə də təsir edə biləcəyi ehtimalını dəyərləndirib.
“Əgər bu vulkan partlaması nəticəsində Avropa üzərində kül buludları toplanarsa və yuxarı qatlara qalxarsa, oradan reaktiv axınlar və küləklər vasitəsilə bizə gəlmə ehtimalı da var, təbii ki. Bunun baş verməyəcəyinə, tamamilə sıfır ehtimalı olduğuna zəmanət verilə bilməz. Partlayışın necə baş verəcəyi, necə gerçəkləşəcəyi, atmosferin hansı qatına qalxacağı, hətta kül, toz və ya kükürd miqdarı belə, çox şeyə təsir edəcək”, – deyə Ünal əlavə edib.
Mənbə: Haber Global
www.102info.az