Sosial şəbəkələrdə Kerç boğazında “əsrin fırtınası” zamanı Rusiyaya məxsus üç gəminin – “Matros Şevçenko”, “Matros Pozınıç” və “Kavkaz-5”-in toqquşma anının görüntüləri yayılıb.
Bildirilir ki, “Matros Şevçenko” “Qafqaz” limanından dənizə çıxmağa çalışsa da, gəmini idarə etmək demək olar ki, mümkün olmayıb. Güclü külək onu “Matros Pozınıç”ın üzərinə sürükləyib. Sonra gəmilərin hər ikisi bir müddət əvvəl lövbərini yığan, ancaq zərbədən yayınmaq üçün lazımi sürəti toplamağa imkan tapmayan “Kavkaz-5” gəmisinə doğru sürüklənib.
Kadrlarda gəmilərdən birində video müəllifinin toqquşmadan əvvəl – “Hər şey normaldır, normaldır”, – dediyi eşidilir. Ancaq qəzanın qaçılmaz olduğunu başa düşdükdə o, – “Daha normal deyil”, – deyə qışqırır, sonra zərbə səsi gəlir.
Məlumata görə, toqquşmadan 20 dəqiqə sonra gəmilər bir-birilərindən uzaqlaşaraq təhlükəsiz məsafəyə keçə biliblər. Xəsarət alanın olmadığı vurğulanıb.
Xatırladaq ki, noyabrın 27-də Qara dəniz sahillərində baş verən qasırğanın gücü tarixi maksimuma çatıb və 8 bal təşkil edib. Bildirilir ki, Qara dənizdə 100 ildir belə qasırğa qeydə alınmayıb. Fəlakətdən daha çox Krım zərər çəkib. Orada dalğalar doqquz metrə, küləyin sürəti isə saniyədə 40 metrə çatıb.
Mənbə: Vesti
www.102info.az