İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının hissələrə bülünmüş xəritəsini dərc edib.
Bu barədə IDF-nin rəsmi “Telegram” kanalında paylaşım edilib.
Bildirilib ki, xəritə anklav sakinlərinin təxliyəsini asanlaşdıracaq və hərbçilər tərəfindən onlara verilən təlimatların daha yaxşı başa düşülməsinə kömək edəcək.
“İsrail Müdafiə Qüvvələri müharibənin növbəti mərhələsində Qəzza zolağı sakinlərinin təhlükəsiz hərəkət etmələri üçün onlara məlumatlar təqdim edir. Bu, Qəzza zolağında təxliyə zonalarının bölünməsini əks etdirən görüntülərdir.
HƏMAS terror təşkilatı Qəzza zolağının sakinlərindən canlı qalxan kimi istifadə edir.
Müharibə başlayandan bəri İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki şəxslərə zərər verməmək üçün müxtəlif vasitələrdən istifadə edir. Buraya qəzzalılara HƏMAS-ın terror fəaliyyətləri üçün istifadə etdiyi konkret ərazilərdən çıxmağa çağıran mesajlar və elanlar, həmçinin müvafiq marşrutlar üzrə təxliyə çağırışları da daxildir.
Müharibənin növbəti mərhələsinə hazırlıq aparan IDF Qəzza zolağında təxliyə zonalarının xəritəsini dərc edir. Bu xəritədə Qəzza zolağı tanınan ərazilərə görə bölünür ki, bu da qəzzalılara istiqaməti düzgün götürmək və təlimatları başa düşmək, həmçinin, tələb olunarsa, təhlükəsizlikləri üçün müəyyən ərazilərdən çıxmaq imkanı verir”, – deyə paylaşımda bildirilib.
“Dərc edilmiş interaktiv xəritədə sektorun şimal və cənubunda yerləşən rayonların nömrələri göstərilir. Sakinlərə çağırış edilir ki, ehtiyac yaranarsa, onlara uyğun olan ərazini müəyyən etsinlər və təxliyə olsunlar”, – deyə qeyd edilib.
Xəritə İsrail Müdafiə Qüvvələri saytının ərəb dilində olan xüsusi səhifəsində və IDF nümayəndəsinin ərəb dilində sosial şəbəkələrdə yerləşdirdiyi xüsusi videoda dərc edilib. Bundan əlavə, xəritə IDF tərəfindən Qəzza zolağında yayılan elanlarda da göstərilib.
www.102info.az