İranda 84 yaşlı ayətullah Əli Xameneini ölkənin ali rəhbəri postunda kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr yenidən qızışıb.
“Azad İran” “YouTube” kanalı xəbər verir ki, bu dəfə məsələnin gündəmə gəlməsinə başlıca səbəb İranda ali rəhbəri seçmək səlahiyyətinə malik qurumun – Məcles-e Xobreqan, yəni Ekspertlər Şurasının üzvü ayətullah Rəhim Təvəkkülün noyabrın 28-də “Cəmaran” saytına verdiyi eksklüziv müsahibədə söylədikləri olub.
Müxbirin Ekspertlər Şurasında gələcək rəhbərin müəyyənləşməsi ilə bağlı müzakirələr getdiyi barədə məlumatların doğru olub-olmadığı barədə sualına cavabında R.Təvəkkül deyib:
“Yox, bu mövzu Şuranın iclaslarında müzakirə olunmayıb. Bir neçə nəfərlik komissiya vardır ki, gələcək rəhbərin müəyyən edilməsi istiqamətində iş aparır. Onlar uyğun şəxsləri seçir və yalnız rəhbərin özü ilə məşvərət edirlər. Həmin bir neçə nəfərin seçdiyi şəxslər barəsində heç kəsə məlumat verilmir, yalnız rəhbər və Şuranın sədri bunu bilir. Başqa heç kəsin onların gördüyü işdən xəbəri yoxdur. Bu, tamamilə məxfi bir işdir”.
Daha sonra R.Təvəkkül özünün də həmin komissiyada təmsil olunduğunu bildirib, amma müxbirin təkidli suallarına rəğmən, komissiyanın digər üzvlərinin kim olduğunu açıqlamayıb, eləcə də müxbirin İran Prezidenti İbrahim Rəisinin və ayətullah Əhməd Xatəminin həmin komissiyada olub-olmadıqları ilə bağlı sualına konkret cavab verməyib.
Bununla belə, Ekspertlər Şurası üzvünün Xameneinin siyasi varisinin müəyyənləşməsi ilə bağlı gizli iş aparan bir komissiyanın mövcudluğunu təsdiq etməsi həmin mövzu ətrafında müxtəlif müzakirələrə yol açıb.
www.102info.az