“Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə layihələrinə ildə 40 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır ki, bu da bankın bütün xərclərinin 45%-ni təşkil edəcək”.
Bunu Dünya Bankının rəhbəri Acay Banqa BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransında çıxışı zamanı deyib.
“Bu gün Dünya Bankı qarşısına 2025-ci ildən etibarən illik maliyyələşdirməsinin 45%-ni iqlim dəyişikliyi ilə mübarizəyə yönəltmək kimi iddialı bir məqsəd qoyur. Biz ambisiyalarımızı artırırıq, ona görə də bu məqsədlər üçün ildə 40 milyard dollardan çox vəsait ayıracağıq ki, bu da əvvəlki hədəfdən təxminən doqquz milyard dollar artıqdır”, – deyə o bildirib.
Banqanın sözlərinə görə, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə dünyanın ən yoxsul ölkələri üçün iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq və onlara uyğunlaşmaq üçün bərabər şəkildə vəsait ayıracaqlar.
Qeyd edək ki, COP28 dekabrın 12-dək davam edir. Konfransda müxtəlif ölkələrdən 70 mindən çox nümayəndə, o cümlədən iri biznes və qeyri-hökumət təşkilatlarının nümayəndələri, tədqiqatçılar, ekspertlər və jurnalistlər iştirak edir.
Mənbə: TASS
www.102info.az