Türkiyədə fevralın 6-na keçən gecə yaşanan fəlakətdən sonra Bursada baş verən zəlzələ hər kəsin diqqətini yenidən zəlzələ mütəxəssislərinə yönəldib.
Bununla bağlı fikirlərini bildirən türkiyəli mütəxəssis, geoloq Naci Görür 18 bölgə ilə bağlı xəbərdarlıq edib.
“Qırılma xətti üzərində yerləşən bu vilayətlərin taleyi, kədərlənərək deyirəm ki, Maraş və Hatay kimi olacaq”, – deyə Naci Görür göz yaşlarını saxlaya bilməyib.
Mütəxəssis, həmçinin qırılma xətti üzərində olan bu bölgələrin adlarını da açıqlayıb. Onun sözlərinə görə, Eskişehir, Denizli, Muğla, Erzincan, Kayseri, Tokat, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Erzurum, Aydın, Balıkəsir, Burdur, Manisa, Hakkari ən çox təhlükə altında olan bölgələrdir.
“Bu bölgələr birbaşa qırılma xətti üzərində yaşayırlar. Onların altındakı qırılma xətləri kifayət qədər güclüdür və hər bir şəhərdə 7 və ya daha çox zəlzələ törətmək iqtidarındadırlar”, – deyə o qeyd edib.
“Bu ərazilərdə zəlzələ baş verərsə, zərər və itkilər anormal dərəcədə yüksək olacaq”, – deyə Naci Görür əlavə edib.
Geoloq eyni zamanda zəlzələ gecəsi yaşadığı bir hadisədən danışıb və bu zaman göz yaşlarına hakim ola bilməyib.
“Zəlzələnin baş verdiyi gün saat 6 radələrində telefonuma zəng gəldi. Mən telefonumu adətən söndürmürəm. Çünki uyğun olmayan saatda zəng çalınıbsa, ya uşaqlardır, ya da zəlzələ olub deməkdir. Həmin saatda jurnalistlər mənə zəng etmirlər. Oyandım və gördüm ki, “WhatsApp”da kimsə mənə videozəng edir. Gördüm bir xanımdır. Əvvəlcə nə olduğunu tam başa düşmədim. Zəif işıq altında, saçı-başı dağınıq idi. Yaxşı ayırd etmək olmurdu, gördüm yanında da bir qız uşağı var, qızı… “Hocam, bizi xilas et”, – dedi. Təsəvvür edin, o səhər mən həqiqətən 4-5 saat ağladım”, – deyə Naci Görür təəssüflə qeyd edib.
Mənbə: Haber Global
www.102info.az