Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, bu ilin iyun ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumatda deyilir ki, aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunub və barələrində beynəlxalq axtarış elan edilib.
Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının – Şəmil Töhüd oğlu Abdullayev, Murad Əlibala oğlu Ağamətov, Murad Firudin oğlu Quliyev, Fərhad İsə oğlu Rüstəmov, Sultan İdris oğlu Sultanov, Nəcməddin Nəzir oğlu Hüseynov, Hikmət Sahib oğlu Mahmudov, Mais Telman oğlu Əliyev, İsmayıl Aydın oğlu İsmayılov, Şəhriyar Rahim oğlu Babayev, Hacı Arif oğlu Muradov, Əlövsər Əlisafa oğlu Baxışov və İntiqam Şirin oğlu Əsədovun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.
Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
www.102info.az