Ötən gün Rusiyanın Bryansk şəhərindəki məktəblərdən birində məktəblilərə odlu silahdan atəş açan 14 yaşlı Alinanın atası həbs edilib.
Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
“Qızın atası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 224-cü (silahın saxlanılması qaydalarının pozulması) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıb. Həmçinin atışma ilə bağlı özəl mühafizə şirkətinin baş direktoru və məktəbin mühafizəçisi də saxlanılıb”, – deyə ictimailəşdirilən məlumatda qeyd olunur.
Şahid ifadələrində isə göstərilir ki, məktəbdəki çərçivəşəkilli metal detektoru işləmədiyindən 14 yaşlı Alina məktəbə maneəsiz daxil ola bilib və niyyətini həyata keçirib.
Xatırladaq ki, dekabrın 7-də Rusiyanın Bryansk şəhərində məktəbdə 8-ci sinif şagirdi olan qız odlu silahdan atəş açıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Atəş açan qız sonda özünü də güllələyib.
Mənbə: TASS
www.102info.az