Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının saytında xəbər verilib.
Bildirilir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcəklər.
Yerli vaxtla saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Aİ Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
Məlumata görə, nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.
Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mənbə: Consilium.europa.eu
www.102info.az