“Qərbdə Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəz edilməsinə hazırlıqla bağlı “ciddi insanlar tərəfindən, ciddi mərkəzlərdə” müzakirələr aparılır.
Bu sözləri jurnalistlərə Rusiya Tarix Cəmiyyətinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbdə Zelenskinin dəyişdirilməsi ilə bağlı müzakirələrin nə dərəcədə ciddi olduğuna dair sualı cavablandırarkən deyib.
“Bu müzakirələr ciddi insanlar tərəfindən, ciddi mərkəzlərdə aparılır. Deməli, bunun arxasında nəsə var”, – deyə o qeyd edib.
Zelenskinin yerinə daha çox ehtimal olunan namizədlərlə bağlı suala isə Narışkin dəqiq cavab verməyib. “Mən belə qiymətləndirmələr səsləndirməyəcəyəm”, – deyə o bildirib.
Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu tərəfindən yayılan açıqlamasında bildirilib ki, aparıcı Qərb ölkələrinin yüksək vəzifəli məmurlarının Ukraynanın hazırkı prezidentinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı öz aralarında getdikcə artan müzakirələri barədə etibarlı mənbələrdən məlumatlar daxil olur.
Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ölkələri tərəfindən Ukrayna Prezidenti postunda Volodimir Zelenskini əvəz edəcək mümkün namizədlər kimi Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnı, Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, Kiyev meri Vitali Kliçko və Prezident Ofisinin rəhbəri Andrey Yermak nəzərdən keçirilir.
Mənbə: TASS
www.102info.az