İsrail anklava daxil olan yardımın həcmini artırmaq üçün Qəzza zolağı ilə sərhəddə “Kerem-Şalom” nəzarət-buraxılış məntəqəsini açacaq.
Bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin koordinasiyası idarəsindən məlumat verilib.
“Biz Qəzza zolağına çatdırılan yardımın təftişini aparmaq imkanlarımızı genişləndirdik. “Kerem-Şalom” açıq olacaq, bu səbəbdən də yoxlamaların sayı ikiqat artacaq”, – deyə idarənin bəyanatında bildirilib.
Qurum həmçinin BMT-ni “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Misirdən anklava daxil olan humanitar yardımla bağlı daha operativ hərəkət etməyə çağırıb. Nəzarət-buraxılış məntəqəsinin nə vaxt açılacağı ilə bağlı isə məlumat verilməyib.
Xatırladaq ki, dekabrın 7-də BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İsraildən “Kerem-Şalom” vasitəsilə Qəzzaya girişin açılması üçün danışıqlar aparıldığını bildirib. O, həmçinin buraxılış məntəqəsinin tezliklə açılacağına dair ümidverici məqamların olduğunu qeyd edib.
Mənbə: TASS
www.102info.az