Türkiyəli mütəxəssislər Kahramanmaraşda baş verən dağıdıcı zəlzələdən sonra yeni tikilən yaşayış evlərini araşdırıblar və digər ölkələrlə müqayisələr aparıblar.
Bu barədə türkiyəli mütəxəssis, inşaat mühəndisi İdris Bedirhanoğlu açıqlama verib.
Zəlzələdən təsirlənən vilayətlərdə ciddi ziyan görən 300-dən çox binada iki qrup halında araşdırma aparan mütəxəssis uçan və yeni tikilən binalarda hələ də sütunların sayının az olduğunu bildirib.
“Yaponiya kimi daha çox zəlzələ görən, lakin daha az insan ölümü olan ölkələrlə müqayisə etdikdə gördük ki, bizdə daşıyıcı sütunlar və tirlərin, arakəsmələrin sayı xeyli azdır. Tikinti sahələrinin nisbəti digər ölkələrlə müqayisədə daha aşağıdır. Məsələn, Türkiyədə bu nisbətin əsasən 0,25 faizdən aşağı olduğunu gördük. Yaponiya kimi ölkələrdə isə 0,25 faizdən yuxarıdır”, – deyə o qeyd edib.
“Adıyaman, Antakya, Kahramanmaraş, Qaziantep və Malatyadakı bütün zəlzələ bölgələrini araşdırdıq. 300-dən çox yeni tikiliyə baxış keçirdik. Yeni tikilən binalarda hələ də bəzi çatışmazlıqlar var. 2023-cü ildə tikilən binalarımızda sütunların sayının hələ də az olduğunu gördük”, – deyə İdris Bedirhanoğlu vurğulayıb.
“Bəzi binalarda həyat üçbucağı dediyimiz üçbucaqlar yoxdur ki, bu da daha çox insan ölümünə səbəb olur. Qaydalar ortaya qoymalıyıq. İçi boş döşəmələr olmayacaq, binanın altında ticarət sahəsi olmayacaq, asma mərtəbə olmayacaq, qapalı proyeksiyalar olmayacaq. Beşmərtəbəli binanın inşasında 20 sütundan istifadə edirsənsə, yeddimərtəbəli binada sütunların sayını 25-ə çatdırmalısan. Yaxud dediyim kimi, indeks olaraq ölçüsünü artırmalısan. Yəni sütunların sayı bina ölçüsünə uyğun olaraq artırılmalıdır”, – deyə mütəxəssis əlavə edib.
“Zəlzələ olacaq, yüz faiz olacaq. Biz bunu bilirik və İstanbuldakı zəlzələni Diyarbəkirdə hiss edəcəyimizə əminik. Binalarımızı çox qısa müddətdə həqiqətən zəlzələyə hazırlamalıyıq, kağız üzərində deyil”, – deyə İdris Bedirhanoğlu qeyd edib.
Mənbə: Haber Global
www.102info.az