Almaniyanın paytaxtı Berlin şəhərinin Neukölln rayonunda məktəbdə baş verən kütləvi davada ən azı 49 nəfər xəsarət alıb.
Məlumata görə, davaya səbəb şagirdlər arasında fikir ayrılığı olub. 14 və 15 yaşlı üç yeniyetmə eyni yaşda olan digər iki şagirdlə mübahisə edib. Mübahisə iştirakçıları bir-birlərinə bibər qazı vurublar. Dava tədricən böyüyüb. Onları sakitləşdirmək istəyən iki müəllimə qarşı da spreydən istifadə olunub. Şagirdləri ayırmaq istəyərkən məktəbin direktoru da qolunu sındırıb.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları gəliblər. Qanunu pozanlardan biri asayiş keşikçisinə hücum edərək, onun üzünə zərbələr endirib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını da təhqir edib, hədələyib, bundan sonra onu müvəqqəti saxlayıblar.
Şagirdlərə və müəllimlərə ambulator yardım göstərilib. Davada iştirak edən yeniyetmələr valideynlərinə təhvil verilib.
Mənbə: TASS
www.102info.az