Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Ermənistanla sülh sazişi haqqında jurnalistlərin sualını cavablandırıb.
Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov hazırda Ermənistandan alınan təkliflər paketinin əvvəlki ilə eyni olmadığını bildirib:
“Yeni təkliflər paketində nikbinlik mövcuddur. Bu, məsələni müsbət cəhətdən irəli apara bilər. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.
Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkəmizin tarixində prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə bilməz.
“Bu, Azərbaycanın suveren hüququ və mövqeyidir. Ermənistan tərəfinə və xarici işlər nazirinə bu məsələlər məlumdur. Bu nəzərə alındığı müddətdə müsbət nəticələr əldə oluna bilər”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Aysel Aslan
www.102info.az