15 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov videokonfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.
XİN-dən verilən xəbərə görə, 2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən Ceyhun Bayramov bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib.
Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək iqtisadi gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi qeyd olunub. Bu sahədə tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb.
Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən Ceyhun Bayramov bu istiqamətdə yaşıl enerji sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.
Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası – COP29-a ev sahibliyi edəcəyini qeyd edən Ceyhun Bayramov sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran Ceyhun Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.
www.102info.az